Tramp administrasiyası 200 minədək vizanı ləğv etməyə hazırlaşır

ABŞ Dövlət Departamenti sığınacaq üçün müraciət etmiş şəxslərin 2016-2026-cı illərdə verilmiş B1/B2 vizalarını ləğv etməyə hazırlaşır. AP-yə görə, qərar 200 minədək əcnəbini əhatə edə bilər.

9

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə sığınacaq üçün müraciət etmiş 200 minədək əcnəbinin biznes və turist vizalarını ləğv etməyə hazırlaşır. Reallaşacağı təqdirdə bu, ABŞ tarixində bir qərar çərçivəsində həyata keçirilən ən böyük kütləvi viza ləğvi ola bilər.

MSNews.az xəbər verir ki, “Associated Press”⁠ Dövlət Departamentinin əldə etdiyi sənədlərinə və iki amerikalı rəsmiyə istinadən bildirir ki, söhbət 2016-2026-cı illərdə verilmiş B1 və B2 vizalarından gedir. Hədəf sonradan ABŞ-da sığınacaq üçün müraciət etmiş və ya hazırda belə müraciəti baxılmaqda olan şəxslərdir. 

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott qurumun Daxili Təhlükəsizlik Nazirliyi ilə birlikdə ABŞ-a qısamüddətli səfər məqsədilə gəlib daha sonra daimi qalmaq üçün sığınacaq istəyən şəxsləri müəyyənləşdirdiyini və onların qeyri-immiqrant vizalarını ləğv edəcəyini təsdiqləyib. Bununla belə, Dövlət Departamenti 200 min rəqəmini rəsmən təsdiqləməyib və prosesin mərhələli aparılacağını bildirib. “Reuters”⁠ da dəqiq sayın hələ açıqlanmadığını qeyd edir. 

B1 vizaları əsasən işgüzar səfərlər, B2 vizaları isə turizm, ailə ziyarətləri və tibbi məqsədlər üçün verilir. ABŞ rəsmilərinin sözlərinə görə, vizanın ləğvi həmin şəxslərin avtomatik və dərhal deportasiya edilməsi demək deyil. Sığınacaq müraciəti baxılmaqda olan şəxslərin əksəriyyəti başqa hüquqi status üzrə təsnif ediləcək, lakin turist və ya biznes səyyahı statusunu itirəcək. 

Dövlət katibinin müavini Kristofer Landau sığınacaq sistemindən sui-istifadə edildiyini iddia edərək turist və biznes vizası ilə ölkəyə daxil olduqdan sonra sığınacaq istəyən şəxsləri tənqid edib. Administrasiya bu addımı Trampın ikinci prezidentlik müddətində həyata keçirilən daha geniş miqrasiya siyasətinin bir hissəsi kimi təqdim edir. 

Dövlət Departamentinin məlumatına görə, Tramp administrasiyası son 18 ayda müxtəlif səbəblərlə artıq 175 mindən çox vizanı ləğv edib. Yeni plan isə eyni kateqoriya üzrə 200 minədək şəxsi əhatə edə biləcəyi üçün miqyasına görə əvvəlkiləri üstələyə bilər. 

“Associated Press” planın həyata keçiriləcəyi təqdirdə hüquqi mübahisələrlə üzləşə biləcəyini qeyd edir. Sənədlərə əsasən, viza sahiblərinin yoxlanılması ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin sığınacaq müraciətləri barədə Dövlət Departamentinə məlumat ötürməsindən sonra başlanıb.