“Zodiac” killer 1960-cı illərin sonlarında ABŞ-ın Şimali Kaliforniya bölgəsində fəaliyyət göstərmiş naməlum seriyalı qatilin istifadə etdiyi təxəllüsdür. Bu iş Amerika tarixində ən məşhur açılmamış qətl istintaqlarından biri hesab olunur və onilliklər ərzində populyar mədəniyyətin ayrılmaz hissəsinə çevrilərək həm peşəkar müstəntiqləri, həm də minlərlə həvəskar detektivi bu sirri açmağa sövq edib.
“Zodiac” qatilin məlum cinayətləri 1968-ci ilin dekabrından 1969-cu ilin oktyabrına qədər San-Fransisko körfəzi ətrafında baş verib. O, əsasən gənc cütlükləri və bir kişi taksi sürücüsünü hədəf alıb. Hücumlar Benisia, Valyexo, Napa Kaunti və San-Fransisko şəhərlərində qeydə alınıb. Rəsmi olaraq beş qurban öldürülüb, iki nəfər isə ağır xəsarətlər alsa da sağ qala bilib. Qatil isə qəzetlərə göndərdiyi məktublarda 37 nəfəri öldürdüyünü iddia edirdi.


“Zodiac” adını da məhz regional qəzetlərə göndərdiyi məktublardan götürüb. O, bu məktubların çap edilməyəcəyi təqdirdə yeni qətllər törədəcəyini bildirərək açıq şəkildə hədələr edirdi. Məktubların bir qismində kriptoqramlar və şifrələr yer alırdı. Qatil bu şifrələrdə qurbanlarını axirət dünyasında “özünə qul” kimi topladığını iddia edir, eyni zamanda polis və ictimaiyyətlə psixoloji oyun aparırdı.


1969-cu ilin iyulunda “Bay Area” bölgəsindəki qəzetlərə göndərilən üç hissəli məktubun tərkibindəki simvolların sayına görə “408 şifrəsi” adlandırılan mesaj qısa müddət sonra adi vətəndaş olan bir cütlük tərəfindən deşifrə edildi. Mesajda qatil insanların öldürülməsindən zövq aldığını bildirirdi. Daha sonra 1969-cu ilin noyabrında San Francisco “Chronicle” qəzetinə göndərilən və “340 şifrəsi” kimi tanınan mesaj isə yalnız 2020-ci ildə üç həvəskar kod qırıcısından ibarət beynəlxalq komanda tərəfindən açıldı. Həmin mesajda “Zodiac” belə yazmışdı: “Ümid edirəm ki, məni tutmağa çalışmaqdan çox əylənirsiniz.” Onun hazırladığı dörd əsas şifrədən ikisi bu günə qədər də həll olunmamış qalır.

Qatilin şəxsiyyəti ilə bağlı illər ərzində saysız-hesabsız nəzəriyyələr irəli sürülüb. Rəsmi olaraq adı çəkilən yeganə əsas şübhəli Artur Li Allen olub. O, keçmiş ibtidai sinif müəllimi idi və haqqında müxtəlif zorakılıq iddiaları mövcud idi. Lakin heç vaxt “Zodiac” qatil olduğu sübut edilməyib və bu versiya da yalnız ehtimal olaraq qalır.
“Zodiac” qatilə aid edilən cinayətlər arasında ilk hadisə 20 dekabr 1968-ci ildə Benisia şəhərində Herman yolunda baş verib. 17 yaşlı Devid Artur Faradey və 16 yaşlı Betti Lou Yensen güllələnərək öldürülüblər. 4 iyul 1969-cu ildə Valyexodakı Blu Rok Springs Parkında Maykl Reno Maqu və Darlen Elizabet Ferrin vurulub; Maqu sağ qalsa da, Ferrin xəstəxanaya çatdıqdan sonra həyatını itirib. 27 sentyabr 1969-cu ildə Napa Kauntidəki Berryessa gölündə Brayan Kelvin Hartnell və Sesiliya Enn Şepard bıçaqlanıb; Hartnell sağ qalıb, Şepard isə iki gün sonra aldığı xəsarətlərdən ölüb. Son rəsmi qətl isə 11 oktyabr 1969-cu ildə San-Fransiskonun Presidio Heights məhəlləsində taksi sürücüsü Pol Li Staynın güllələnməsi olub.

“Zodiac” qatil 1974-cü ildən sonra qəzetlərlə yazışmanı dayandırsa da, işin sirli və qeyri-adi xarakteri beynəlxalq marağı heç vaxt azaldmayıb. San-Fransisko Polis Departamenti 2004-cü ilin aprelində işi qeyri-fəal elan etsə də, 2007-ci ilin martında yenidən açıb. İş həmçinin Valyexo şəhərində, eləcə də Napa və Solano bölgələrində hələ də açıq qalır. Kaliforniya Ədliyyə Departamenti isə 1969-cu ildən bəri “Zodiac” cinayətləri ilə bağlı rəsmi açıq istintaq faylını qoruyub saxlayır.