Xalq şairi Nəriman Həsənzadə 95 yaşında vəfat edib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə 95 yaşında vəfat edib. Şair avqustun 2-də birinci Fəxri xiyabanda dəfn olunacaq.

50

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə 95 yaşında vəfat edib.

MSNews.az xəbər verir ki, məlumatı Mədəniyyət Nazirliyi açıqlayıb.

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını, 23 yaşında isə anasını itirən şairin yaradıcılığında ayrılıq, sevgi, insan taleyi, Vətən və tarixi yaddaş mövzuları mühüm yer tutub.

O, 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetində filologiya təhsili alıb, daha sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Nəriman Həsənzadə müxtəlif illərdə televiziya və radio sahəsində, nəşriyyatlarda və mətbuat orqanlarında redaktor kimi çalışıb, dövlət və ictimai fəaliyyətlə də məşğul olub.

Şair “Nəriman”, “Nuru Paşa”, “Zümrüd quşu”, “Kimin sualı var?” kimi poemaların, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” və digər tarixi dramların müəllifidir. Onun bir sıra əsərləri teatr səhnələrində tamaşaya qoyulub, çoxsaylı şeirlərinə mahnılar bəstələnib.

Nəriman Həsənzadənin yaradıcılığı səmimiliyi, güclü lirizmi, dilinin axıcılığı və milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Onun əsərlərində Azərbaycan xalqının tarixi, mübarizəsi, qəhrəmanlığı və mənəvi dünyası geniş bədii ifadəsini tapıb.

Görkəmli ədib Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib. Nəriman Həsənzadə 95 illik yubileyi münasibətilə 2026-cı il fevralın 18-də Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Xalq şairi ilə vida mərasimi avqustun 2-də saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Nəriman Həsənzadə saat 13:00-da birinci Fəxri xiyabanda dəfn olunacaq.

Nəriman Həsənzadənin vəfatı ilə Azərbaycan ədəbiyyatı öz böyük söz ustalarından birini itirib. Şairin insan sevgisi, Vətən duyğusu və tarixi yaddaşla yoğrulan əsərləri Azərbaycan poeziyasının dəyərli nümunələri kimi yaşamağa davam edəcək.