Ukrayna təhlükəsizliyinə dair beynəlxalq təminatlar qarşılığında NATO üzvlüyündən imtina etməyə hazır olduğunu açıqlayıb.
ABŞ və Ukraynadan yüksək səviyyəli nümayəndə heyətləri Almaniyanın paytaxtı Berlində sülh planı üzrə danışıqlar aparıb və görüşdə mühüm irəliləyişlərin əldə edildiyi bildirilib.
Görüşdə iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Qərbdən real və etibarlı təhlükəsizlik zəmanətləri alınacağı təqdirdə NATO-ya üzvlükdən imtina variantı nəzərdən keçirilə bilər. Zelenski bu mövqenin bütün müttəfiq ölkələr tərəfindən dəstəklənmədiyini qeyd edərək, kompromis variant kimi Avropa İttifaqı və ABŞ-dən NATO-ya bənzər təhlükəsizlik təminatları almağı düşündüklərini vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sosial şəbəkə hesabında Berlin görüşü ilə bağlı paylaşım edərək, danışıqların beş saatdan artıq davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, Trampın kürəkəni Cared Kuşner və hər iki tərəfin nümayəndə heyətləri iştirak edib.
Uitkoff bildirib ki, toplantıda 20 maddədən ibarət sülh planı, iqtisadi məsələlər və digər əsas mövzular ətrafında dərin müzakirələr aparılıb və bir sıra istiqamətlər üzrə ciddi irəliləyişlər əldə olunub.
Qeyd edək ki, Stiv Uitkoff ayın əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə də görüşmüşdü. Putin həmin görüşdə danışıqlara açıq olduqlarını, lakin Rusiyanın hazırda sahədə strateji təşəbbüsü əlində saxladığını bəyan etmişdi.