Ukrayna prezidenti 20 maddəlik sülh razılaşmasının bəndlərini açıqladı

Ukrayna və Rusiya arasında mümkün sülh razılaşması Ukraynanın suverenliyini tanıyır, Rusiyanın hücum etməmə öhdəliyini müəyyən edir, atəşkəsi qüvvəyə mindirir və regionda sabitliyi təmin edir.

92

Ukrayna və Rusiya arasında potensial sülh danışıqları çərçivəsində bir sıra əsas prinsiplər irəli sürülüb. Sənəd Ukraynanın suverenliyinin tanınmasını, Rusiyanın hücum etməmə öhdəliyini və təmas xəttində monitorinq mexanizmlərinin qurulmasını nəzərdə tutur.

Eyni zamanda, sənəd Ukrayna Silahlı Qüvvələrinin sülh dövründə 800 min nəfər olması və ABŞ, NATO və Avropa ölkələri tərəfindən Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verilməsini planlaşdırır. Əgər Rusiya yenidən müdaxilə etsə, hərbi cavab verilməsi öhdəliyi də sənədə daxil edilib.

Sənəd çərçivəsində Ukraynanın Avropa İttifaqına üzvlüyü, qlobal inkişaf və bərpa paketlərinin yaradılması, ümumilikdə 800 milyard dollar dəyərində investisiyanın cəlb edilməsi, ABŞ ilə azad ticarət sazişinin sürətləndirilməsi və Ukraynanın qeyri-nüvə statusunun qorunması məsələləri də əhatə olunur. Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı kompromis məsələləri isə ABŞ və Ukrayna arasında 50/50 idarəetmə variantı ilə həll olunacaq. Məktəblərdə müxtəlif mədəniyyətlərin anlaşılmasını təşviq edən təhsil proqramları və irqçiliklə mübarizə də razılaşmada yer alır.

Ərazilərin bölünməsi məsələsi isə həssas mövzu olaraq qalır. Təkliflər arasında Rusiyanın Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxması və Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində mövcud vəziyyətin qorunması yer alır. Hər iki tərəf razılaşmaları güc yolu ilə dəyişdirməmək öhdəliyi götürür, Ukraynanın Dnepr çayı və Qara dənizdən kommersiya məqsədilə istifadəsi təmin edilir və Kinburn burnu demilitarizasiya olunur.

Əsir mübadiləsi, mülki və siyasi məhbusların qaytarılması, mümkün qədər tez Ukraynada seçkilərin keçirilməsi və razılaşmanın hüquqi baxımdan məcburi olması da sənədin mühüm prinsiplərini təşkil edir. Razılaşmanın bütün tərəflər tərəfindən qəbulundan dərhal sonra isə tam atəşkəs qüvvəyə minəcək.

Bu sülh təşəbbüsü həm Ukraynanın suverenliyinin təmin edilməsinə, həm də regionda sabitliyin bərqərar olmasına xidmət edəcək və beynəlxalq hüquqa əsaslanan hərəkət planı kimi nəzərdən keçirilir.