MSNews.az xəbər verir ki, Ukraynanı təmsil edən təxminən 25 hərbçi Yelisey çöllərində “İstəklilər koalisiyası” ölkələrinin nümayəndələri ilə birlikdə yürüş edib. Paradın açılış hissəsində Ukraynanın uzunmüddətli təhlükəsizliyini dəstəkləyən ölkələrdən ümumilikdə 500-ə yaxın hərbçi iştirak edib.
Fransa Silahlı Qüvvələr Nazirliyi builki mərasimin Avropanın strateji birliyini və Ukraynaya dəstəyi nümayiş etdirmək məqsədi daşıdığını bildirib. Paradı Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Avropanın digər dövlət və hökumət başçıları izləyiblər.
Hava paradında Ukrayna ilə bağlı iki “Mirage 2000B” təlim-döyüş təyyarəsi də iştirak edib. Lakin həmin təyyarələrin Ukraynaya təhvil verilmiş qırıcılar olduğu və onları yalnız ukraynalı pilotların idarə etdiyi barədə yayılan məlumat dəqiq deyil.
“Associated Press” və “Reuters” bildirir ki, ikiyerli “Mirage 2000B” təyyarələrində fransalı hərbi pilotlarla yanaşı, Fransada hazırlıq keçən ukraynalı ikinci pilotlar olub.
Beləliklə, ukraynalı pilotlar uçuşda bilavasitə iştirak ediblər, lakin açıq mənbələr onların təyyarələri təkbaşına idarə etdiyini təsdiqləmir. “Mirage 2000B” ikiyerli təlim versiyasıdır və paradda istifadə olunan təyyarələr Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə aid olub.
Ümumilikdə paradda 7 600 hərbçi iştirak edib. Hava nümayişinə Fransa ilə yanaşı, Almaniya, Böyük Britaniya, Polşa, Danimarka, Yunanıstan, İsveç, Norveç, İspaniya və İtaliyaya aid təyyarələr də qoşulub.