Türkmənistan Prezidentinin Azərbaycanda rəsmi qarşılanma mərasimi olub

İyunun 22-də Azərbaycana dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi keçirilib.

14

İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.

“Prezident.az”ın məlumatına görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Daha sonra Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun qarşısından keçib.

Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidentinə, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.