Prezident İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev TBMM sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə qardaşlığı, Şuşa Bəyannaməsi və parlamentlərarası əməkdaşlıq müzakirə olunub.

8

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

MSNews.az xəbər verir ki, görüş iyunun 24-də keçirilib.

Dövlət başçısı Numan Kurtulmuşun Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəmini vurğulayıb.

Prezident İlham Əliyev gələcəkdə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini bildirib və İslam ölkələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Numan Kurtulmuş qəbula və İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib və onun da salamlarının Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş edib.

Görüşdə Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi qeyd edilib.

Tərəflər Azərbaycan-Türkiyə birliyinin dünyada bənzəri olmadığını bildiriblər və bunu xalqlarımızın ortaq sərvəti kimi qiymətləndiriblər. Dostluq və qardaşlığın Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulanıb.

Söhbət zamanı iki ölkənin qanunverici orqanları arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.