Türkiyədə “Furkan” hərəkatına əməliyyat: Alparslan Kuytul saxlanılıb

Türkiyədə “Furkan” hərəkatına qarşı 6 vilayətdə əməliyyat keçirilib. Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul saxlanılıb, 32 şübhəli barəsində hüquqi prosedur başladılıb.

46

Türkiyədə “Furkan” hərəkatına qarşı genişmiqyaslı polis əməliyyatı keçirilib. Hərəkatın lideri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çoxsaylı şəxslər saxlanılıb. Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, istintaq çərçivəsində ümumilikdə 32 şübhəli barəsində hüquqi prosedur başladılıb. 

MSNews.az xəbər verir ki, əməliyyat Adana Respublika Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində Adana mərkəz olmaqla 6 vilayətdə 49 ünvanda eyni vaxtda aparılıb. Türkiyənin “Medyascope” nəşri Alparslan və Semra Kuytulun da saxlanılanlar arasında olduğunu bildirir.

Akın Gürlekin sözlərinə görə, istintaqda şübhəlilərə cinayətkar təşkilat yaratmaq və idarə etmək, təşkilata üzvlük, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, ağırlaşdırılmış dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və Vergi Prosessual Qanununun pozulması ilə bağlı ittihamlar araşdırılır. İstintaqın zərərçəkən və şahid ifadələri, maliyyə təhlilləri, bank əməliyyatları və rəqəmsal materiallar əsasında aparıldığı bildirilir.

Əməliyyat çərçivəsində 5 şirkətə idarəetmə üzrə qəyyum təyin edilib, “təşkilatın xeyrinə fəaliyyət göstərdiyi” iddia olunan 349 sosial media hesabının bloklanması barədə qərar qəbul olunub.

Ədliyyə naziri istintaqın hər hansı dini qrupu və ya inancı deyil, konkret olaraq cinayət xarakterli olduğu iddia edilən hərəkətləri və maliyyə fəaliyyətini hədəf aldığını bildirib.

“Furkan” hərəkatı isə əməliyyata etiraz edib. Hərəkatın açıqlamasında Alparslan Kuytul və həyat yoldaşının saxlanılmasının qanunsuz olduğu iddia edilir. “DW Türkçe” yazır ki, hərəkat əməliyyatı siyasi təzyiq kimi qiymətləndirir. Bu iddialarla bağlı yekun hüquqi qiymətləndirməni isə istintaq və məhkəmə prosesi müəyyən edəcək.