Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup sədrinin müavini Leyla Şahin Ustanın Suriyada ələvilərin öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlər siyasi qalmaqala səbəb olub. Müxalifət nümayəndələri onun açıqlamasını dini ayrı-seçkilik ritorikası kimi qiymətləndirərək sərt etirazlarını bildiriblər.
MSNews.az xəbər verir ki, hadisə 2026-cı il yanvarın 8-də Türkiyə Böyük Millət Məclisində Suriyanın Hələb şəhərindəki qarşıdurmaların müzakirəsi zamanı baş verib.
Leyla Şahin Usta çıxışında Suriyada uzun illər davam edən müharibə zamanı müsəlmanların öldürülməsinə yetərincə reaksiya verilmədiyini iddia edərək ələvilərlə bağlı etirazları tənqid edib.
Deputatın sözləri parlamentin rəsmi stenoqramlarında da əksini tapıb:
“İllərdir, 13 il boyunca Suriyada müsəlmanlar qətlə yetirilərkən səsini çıxarmayanlar bu gün ‘Ələvilər öldürülür’ deyərək hay-küy qaldırırlar.”
Bu ifadələr müxalifət tərəfindən ələvilərin müsəlman icmasının xaricində təqdim edilməsi kimi qiymətləndirilib.
CHP və DEM Partiyasının nümayəndələri Ustanın açıqlamasının dini məzhəblər arasında ayrı-seçkiliyi dərinləşdirə biləcəyini bildiriblər.
Yanvarın 8-də keçirilən iclasın rəsmi stenoqramına əsasən, CHP deputatı Gökhan Günaydın Ustanın ifadələrinə etiraz edib. AK Partiyalı siyasətçi isə sözlərinin yanlış təqdim olunduğunu söyləyib.
Mübahisə yanvarın 14-də keçirilən parlament iclasında da davam edib.
DEM Partiyasının deputatı Gülüstan Kılıç Koçyiğit Ustanın sözlərini yenidən gündəmə gətirərək onun Suriyada ələvilərə qarşı zorakılığı kiçiltməyə çalışdığını iddia edib.
Koçyiğit çıxışı zamanı Ustanın əvvəlki ifadəsini olduğu kimi səsləndirib. Həmin vaxt CHP sıralarından da etiraz səsləri yüksəlib.
Bununla belə, Leyla Şahin Usta ittihamları rədd edib. O, yanvarın 14-də yenidən çıxış edərək fikirlərinin kontekstdən çıxarıldığını, bütün mülki şəxslərin qorunmasını müdafiə etdiyini bildirib.
Deputat müxalifətin açıqlamalarını özünə qarşı aparılan kampaniya kimi qiymətləndirib.
1973-cü ildə İstanbulun Kartal rayonunda anadan olan Leyla Şahin Usta ixtisasca həkimdir.
O, İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində təhsil alarkən hicab qadağası ilə əlaqədar universitetdən uzaqlaşdırılıb. Daha sonra təhsilini Avstriyanın Vyana Universitetində davam etdirərək 2003-cü ildə məzun olub.
Usta 2015-ci ildən Türkiyə parlamentində təmsil olunur. Əvvəlki üç çağırışda Konya, hazırkı 28-ci çağırışda isə Ankara vilayətindən deputat seçilib.
O, AK Partiyanın insan hüquqları üzrə rəhbərliyində çalışıb, hazırda isə partiyanın Türkiyə Böyük Millət Məclisində qrup sədrinin müavini vəzifəsini tutur.