ABŞ Prezidenti Donald Tramp Ağ Evdə texnologiya və maliyyə sektorunun nümayəndələri ilə keçirilən tədbirdə İran, Hörmüz boğazı, Şimali Koreya və İsveçrə ilə bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
MSNews.az xəbər verir ki, tədbirin tam stenoqramını yayımlayan “Roll Call”a əsasən, Tramp İrana qarşı əlavə sərt sanksiyaların tətbiq oluna biləcəyini bildirib. O, ABŞ-ın əlində “çox sərt sanksiya” variantlarının olduğunu deyib. Tramp İranla danışıqların gələcəkdə bərpa edilə biləcəyini də istisna etməyib.
ABŞ prezidenti Hörmüz boğazında vəziyyətlə bağlı Vaşinqtonun nəzarətinin gücləndiyini iddia edib və hərbi-dəniz blokadasını “100 faiz uğurlu” adlandırıb. Trampın sözlərinə görə, boğazdan hazırda gəmilər keçir və alternativ enerji marşrutlarının, o cümlədən yeni boru kəmərlərinin inkişafı gələcəkdə Hörmüzün əhəmiyyətini azalda bilər. Bununla belə, “Reuters” qeyd edir ki, Tehran ABŞ-ın boğaza tam nəzarət etməsi barədə iddiaları rədd edir, gəmi hərəkəti isə müharibədən əvvəlki səviyyədən xeyli aşağı olaraq qalır.
Tramp Şimali Koreya ilə bağlı ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini də tənqid edib. Prezident belə genişmiqyaslı təlimlərin Şimali Koreyaya qarşı yönəldiyini və Kim Çen Inla münasibətlərinin yaxşı olduğu şəraitdə bunu “təhqiramiz” hesab etdiyini söyləyib. “Reuters” Trampın birgə təlimlərin miqyasının azaldılması barədə göstəriş verdiyini və Kim Çen Inla 2026-cı ildə görüşmək istədiyini də bildirib.
İsveçrə barədə danışarkən Tramp bu ölkədə faiz dərəcələrinin ABŞ-la müqayisədə daha aşağı olmasını tənqid edib. O, ABŞ-ın İsveçrə ilə bütün biznes əlaqələrini kəsmək üçün “mütləq hüquqa” malik olduğunu iddia edib və ABŞ biznesinin itirilməsinin İsveçrə üçün ciddi problem yaradacağını söyləyib. Lakin Tramp həmin çıxışında İsveçrə ilə münasibətlərin faktiki olaraq dayandırılması barədə konkret qərar elan etməyib. “Washington Examiner” də açıqlamanı ABŞ istiqraz bazarı və faiz dərəcələri ilə bağlı müzakirələrin kontekstində təqdim edib.
Tramp tədbirdə kriptovalyuta sektoruna da toxunaraq 2025-ci ildə imzaladığı “GENIUS Act” qanununun adını zarafatla özü ilə əlaqələndirib: “Onu öz şərəfimə adlandırdım”. Əslində GENIUS abbreviaturası “Guiding and Establishing National Innovation for U.S. Stablecoins” ifadəsindən yaranır. Qanun ABŞ-da dollarla təmin olunan steyblkoinlər üçün federal tənzimləmə çərçivəsi yaradıb. Bu barədə “Associated Press” məlumat yayıb.