Donald Tramp xalqa müraciətində İran ilə müharibənin rəsmi olaraq başa çatdığını elan etməsə də, əməliyyatların yekun mərhələyə yaxınlaşdığını bildirib.
Təxminən 20 dəqiqə davam edən çıxışda Tramp son günlərdə sosial şəbəkələrdə və mediada səsləndirdiyi fikirləri təkrarlayıb. O, ABŞ-ın İranda “sarsıdıcı qələbələr” qazandığını iddia edərək, ölkənin artıq ciddi təhlükə yaratmadığını vurğulayıb. Prezident qeyd edib ki, ABŞ əsas strateji hədəflərinə çatmaq üzrədir.
Bununla yanaşı, Tramp yaxın 2–3 həftə ərzində İrana qarşı daha güclü zərbələrin endirilə biləcəyini istisna etməyib və razılaşma əldə olunmayacağı təqdirdə elektrik stansiyalarının hədəf alınacağını bildirib.
ABŞ prezidenti həmçinin Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə toxunaraq, bu marşrutdan enerji baxımından asılı olan ölkələri daha fəal olmağa çağırıb. Onun sözlərinə görə, boğazın təhlükəsizliyinin təmin olunması təşəbbüsü həmin dövlətlərin üzərinə düşür, ABŞ isə dəstək verməyə hazırdır.
“Boğaza gedin və onu qoruyun”, – deyə Tramp beynəlxalq ictimaiyyətə müraciət edib. O əlavə edib ki, münaqişə başa çatdıqdan sonra boğaz “təbii şəkildə açılacaq”, çünki İran iqtisadiyyatını bərpa etmək üçün neft ixracına məcbur olacaq.
Tramp çıxışında ABŞ-ın Yaxın Şərq neftindən asılı olmadığını vurğulayıb və ölkəsinin regionda əsasən müttəfiqlərinə dəstək məqsədilə fəaliyyət göstərdiyini bildirib. O, NATO müttəfiqlərinə yönəlmiş gözlənilən tənqidlərə toxunmasa da, regiondakı tərəfdaş ölkələrə təşəkkür edib.
Prezident, həmçinin, ABŞ-da yanacaq qiymətlərində müşahidə olunan qısamüddətli artımı İranın hərəkətləri ilə əlaqələndirib və bunun müvəqqəti xarakter daşıdığını qeyd edib.