MSNews.az xəbər verir ki, Bakıda “Arzum” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyeva barəsində məhkəmə hökmü oxunub.
Xəzər Rayon Məhkəməsində keçirilən son iclasda Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinib.
Məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm elan olunduqdan sonra tiktoker məhkəmə zalında həbs edilib. Məhkəmə həmçinin ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etməyi qadağan edib.
İş materiallarına görə, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində sürücü Amal Məlikov hadisə yerində ölüb, avtomobildə olan Sənubər Muradova isə ağır xəsarət alıb. İstintaq Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə ittiham irəli sürüb.
Dövlət ittihamçısı İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəmişdi. Məhkəmə isə yekunda 5 il 2 aylıq həbs cəzası təyin edib.
Məlumata əsasən, Hacıyeva son sözündə özünü təqsirli bilmədiyini bildirib. Hazırda hökmün apellyasiya qaydasında mübahisələndirilib-mübahisələndirilməyəcəyi barədə rəsmi məlumat yayılmayıb.