Tehranda Xamenei ilə vida mərasiminə xarici nümayəndələr qatılıb

Tehrandakı İmam Xomeyni adına Böyük Mosalla kompleksində İranın öldürülmüş keçmiş ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi keçirilir. Tədbirə müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətləri və dini xadimlər qatılıb.

22

Tehranda İranın öldürülmüş keçmiş ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida və ehtiram mərasiminə xarici nümayəndə heyətləri qatılıb.

MSNews.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, mərasim Tehrandakı İmam Xomeyni adına Böyük Mosalla kompleksinin əsas namaz zalında keçirilir. Xameneinin və onunla birlikdə həlak olduğu bildirilən şəxslərin cənazələri rəsmi və ictimai vida mərasimləri üçün bu kompleksə gətirilib.

İran mediasının məlumatına görə, mərasimə müxtəlif ölkələrdən rəsmi şəxslər, dini xadimlər və ictimai nümayəndələr gəlir. “Mehr” yazır ki, ilk mərhələdə İndoneziya, Əfqanıstan, Livan, İraq, Mərakeş və Türkiyədən dini alimlər və islam dünyasının tanınmış nümayəndələri mərasimdə iştirak ediblər. Bundan başqa, İranın rəsmi olaraq tanıdığı dini azlıqların nümayəndələri də vida mərasiminə qatılıblar.

Nəşrin məlumatına əsasən, Türkmənistan, Rusiya, Çin, İspaniya, Ekvador və Boliviyadan rəsmi nümayəndə heyətləri Tehrana gələrək mərasimdə iştirak ediblər. “Press TV” isə Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi tədbirə qatılacağını bildirib. Eyni mənbə Hindistan, Çin, Gürcüstan və Kubadan da nümayəndə heyətlərinin iştirakının gözlənildiyini yazıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da mərasimdə iştirak etmək üçün Tehrana gedib.

“Tasnim”-in məlumatına görə, İran rəsmiləri 30-dan çox ölkənin mərasimlərdə iştirak üçün müraciət etdiyini, 90-dan çox ölkədən isə dini liderlər, tanınmış şəxslər və müxtəlif nümayəndələrin iştirak niyyətini bildirdiyini açıqlayıb. Rəsmilər İmam Xomeyni adına Mosalla kompleksinin iyulun 4-dən etibarən sutka boyu ziyarətçilər üçün açıq olacağını bildiriblər.

Xamenei ilə vida və dəfn mərasimləri bir neçə gün davam edəcək. “Press TV” yazır ki, mərasimlər Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərini əhatə edəcək. Xameneinin iyulun 9-da Məşhəddə, İmam Rza ziyarətgahı yaxınlığında dəfn olunacağı bildirilir.

Beynəlxalq agentliklər mərasimləri İran üçün həm dini, həm də siyasi baxımdan mühüm hadisə kimi qiymətləndirirlər. “Associated Press” yazır ki, dəfn mərasimləri İran hakimiyyətinin daxili birlik nümayiş etdirməsi və xarici təzyiqlər fonunda siyasi mesaj verməsi baxımından önəm daşıyır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031