Şuşada “Sadıqcanın evi” bərpadan sonra açılıb

Prezident İlham Əliyev Şuşada ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.

10

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, bina Şuşanın işğalı dövründə uzun müddət baxımsız qalıb. Nəticədə tikilinin dam örtüyü, döşəmələri, daş hörgüləri və memarlıq elementləri ciddi zədələnib, mühəndis-kommunikasiya sistemləri isə yararsız vəziyyətə düşüb.

Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, görkəmli tarzən, bəstəkar və tar alətini təkmilləşdirən Mirzə Əsəd oğlu Sadığın — Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası üçün vəsait ayrılıb. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva həmin il binaya baxıb, 2023-cü ildə layihə konsepsiyası təqdim olunub, 2024-cü ildə isə bərpa işlərinə başlanılıb.

Şuşanın Sadıqcan küçəsində yerləşən ev-muzeyi zirzəmi və iki mərtəbədən ibarətdir. Binanın sivri tağlı pəncərələri və iri daşlarla işlənmiş giriş qapısı onun əsas memarlıq xüsusiyyətləri sırasındadır. Abidə ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısına daxildir.

Bərpadan sonra ev-muzeyində Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri yaradılıb. Burada konsert zalı, muğam ekspozisiya otağı, musiqi alətləri emalatxanası, kafe, suvenir mağazası və qeydiyyat bölməsi də fəaliyyət göstərəcək.

Dövlət başçısına ev-muzeydə nümayiş olunan “Əbədiyyətin səsi” heykəltaraşlıq əsəri haqqında da məlumat verilib. Əməkdar rəssam Rəşad Mehdiyevin müəllifi olduğu kompozisiya tar alətinin rəmzi-bədii interpretasiyasıdır. Tarın simlərindən doğan ağac obrazı milli yaddaşı, köklərə bağlılığı, davamlılığı və dirçəlişi ifadə edir.