Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında Haseke vilayəti üçün ciddi bir anlaşma əldə edildiyi rəsmi şəkildə elan edilib.
Suriya prezident ofisi tərəfindən yayılan açıqlamaya görə, bu gün saat 21:00-da qüvvəyə minəcək anlaşmaya görə, SDQ-yə vilayətin idarə olunması və dövlət strukturlarına girişlə bağlı ətraflı plan hazırlaması üçün 4 günlük müddət verilib.
Anlaşmanın mühüm maddələrinə görə, Suriya ordusu Haseke və Qamışlı şəhər mərkəzlərinə girməyəcək, əksinə onların ətrafında yerləşəcək. Yeni inteqrasiya mexanizmi üçün təqvim və detallı prosedurlar daha sonra müzakirə ediləcək.
Qarşılıqlı anlaşmada həmçinin SDQ-nin bölgədəki yerli təhlükəsizlik qüvvələrinin tərkibi və idarəçiliyi, siyasi təmsil məsələləri və təyin olunacaq vəzifələr barədə razılıqlar əldə edilib. SDQ lideri Mazlum Abdinin Suriya müdafiə nazirinin köməkçisi və Haseke valiliyi üçün müştərək namizəd göstərəcəyi də anlaşmanın detalları arasında yer alır.
Tərəflər, SDQ-yə bağlı bütün hərbi və təhlükəsizlik qüvvələrinin tədricən Suriyanın Müdafiə və Daxili İşlər Nazirliyinin tərkibinə daxil edilməsi və vilayətin sivil idarəetmə qurumlarının Suriya hökumət strukturlarına inteqrasiyasını təmin etmək üçün də razılığa gəliblər.
Anlaşma çərçivəsində kürdlərin dil, mədəniyyət və vətəndaşlıq hüquqlarını nəzərdə tutan 13-saylı qərarnamənin tətbiqi də vurğulanıb. Bu addımın məqsədi “millətlərarası ortaq hüquqların təmin edildiyi, güclü və birləşmiş bir Suriya” qurmaqdır, — deyə Suriya Prezident Ofisi bildirir.
Suriya hökuməti ilə SDQ arasında bu tip anlaşma, ölkədə uzun müddət davam edən gərginlik və qarşıdurmalar fonunda sabitliyin təmin edilməsi və dövlət idarəetmə strukturunun bərpası baxımından mühüm bir addım hesab olunur. Regional və beynəlxalq aktorlar da bu razılaşmanın tətbiqinin Suriya daxilində sabitliyi artıracağına dair ümidlərini ifadə ediblər.