“Strava” ABŞ hərbçilərinin Yaxın Şərqdəki hərəkətlərini üzə çıxarıb

“Sky News”un araşdırmasına görə, Yaxın Şərqdə ABŞ hərbi bazalarından 1300-dən çox "Strava" istifadəçisi məşq məlumatlarını paylaşıb. Bu məlumatlar hərbçilərin gündəlik marşrutlarını və qüvvələrin yerdəyişmə nümunələrini izləməyə imkan verib.

53

Yaxın Şərqdə ABŞ hərbi obyektlərində olan 1300-dən çox “Strava” istifadəçisinin paylaşdığı məşq məlumatları hərbçilərin yerləşməsi, gündəlik hərəkət marşrutları və qüvvələrin yerdəyişməsi barədə həssas məlumatların üzə çıxmasına səbəb olub.

Bu barədə “Sky News” xüsusi araşdırma yayıb.

MSNews.az xəbər verir ki, jurnalistlər Yaxın Şərqdəki ABŞ hərbi bazalarının daxilində qeydə alınmış minlərlə qaçış, velosiped və digər məşq fəaliyyətini müəyyən ediblər. Strava istifadəçilərin marşrut və məşq vaxtlarını paylaşmasına imkan verdiyindən, toplanan məlumatlar hərbi obyektlərdəki gündəlik fəaliyyət rejimini, şəxsi heyətin yerləşdirilməsi və geri çəkilməsi nümunələrini, həmçinin açıq xəritələrdə qeyd olunmayan bəzi bazalar arasındakı hərəkətləri izləməyə şərait yaradıb. İstifadəçilərin əksəriyyəti hesablarını real adları ilə idarə edib.

Araşdırmada Bəhreyndəki ABŞ hərbi obyektindən olan bir hərbi podratçının müharibədən əvvəl bazada müntəzəm qaçışlarını qeydə aldığı, daha sonra isə Manamadakı otellərdən birinin ərazisində məşq məlumatlarının görünməyə başladığı bildirilir. Təhlükəsizlik mütəxəssisləri belə məlumatların şəxsi heyətin haraya köçürüldüyünü müəyyənləşdirmək üçün istifadə oluna biləcəyini vurğulayırlar. Bununla belə, Strava məlumatlarının konkret hücumların həyata keçirilməsində istifadə edildiyi rəsmi şəkildə təsdiqlənməyib.

“Sky News” həmçinin İordaniyadakı Müvəffəq əl-Salti aviabazasında hərbçilərin yüzlərlə məşq məlumatını paylaşdığını müəyyən edib. Atəşkəs dövründə paylaşımlar yenidən başladıqdan sonra fəaliyyətlərin 76 faizinin bazanın şərq hissəsindəki eyni nöqtədə — kazarmaların yerləşdiyi ərazidə başlayıb və ya bitdiyi müşahidə olunub. CENTCOM nəşrin araşdırması ilə bağlı sorğuya cavab verməyib.

Bu təhlükəsizlik problemi yeni deyil. ABŞ Müdafiə Nazirliyi hələ 2018-ci ildə fitnes trekerləri və digər geolokasiya cihazlarının hərbi qulluqçuların yerini, gündəlik fəaliyyətini və hətta müəyyən ərazilərdəki şəxsi heyətin sayı barədə məlumatı üzə çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi. Daha sonra əməliyyat zonalarında Müdafiə Nazirliyi əməkdaşlarının icazəsiz geolokasiya funksiyalarından istifadəsinə qadağa tətbiq olunub.

Strava isə “Sky News”-a açıqlamasında istifadəçilərin təhlükəsizliyi və məxfiliyinə ciddi yanaşdığını, tətbiqdə geniş məxfilik parametrlərinin mövcud olduğunu bildirib. Şirkət həssas peşələrdə çalışan şəxslərin bu imkanlardan istifadə edərək paylaşdıqları məlumatları məhdudlaşdırmalı olduqlarını vurğulayıb.