“St Kilda Beach” müvəqqəti “Patrick Beach” adlandırıldı

Melburndakı məşhur "St Kilda Beach" çimərliyi Avstraliya millisinin qapıçısı Patrik Biçin şərəfinə müvəqqəti olaraq “Patrick Beach” adlandırılıb.

19

Melburndakı məşhur “St Kilda Beach” Avstraliya millisinin qapıçısı Patrik Biçin şərəfinə müvəqqəti olaraq “Patrick Beach” adlandırılıb.

MSNews.az xəbər verir ki, bu barədə “City of Port Phillip” rəsmi məlumat yayıb. Açıqlamaya görə, çimərlik Avstraliya millisinin Dünya Çempionatındakı çıxışı davam etdiyi müddətdə “Patrick Beach” adını daşıyacaq.

Qərar Avstraliya millisinin 2026-cı il dünya çempionatında pley-off mərhələsinə yüksəlməsi və 22 yaşlı qapıçı Patrik Biçin uğurlu çıxışından sonra qəbul edilib. “Melbourne City” də “St Kilda Beach”-in müvəqqəti ad dəyişikliyini Biçin mundialdakı performansına verilən simvolik qiymət kimi təqdim edib.

Port Fillip meri Aleks Makin bildirib ki, bu addım yerli icmanın Avstraliya millisinin uğuruna dəstəyini göstərmək məqsədi daşıyır. O, çimərliyin müvəqqəti adlandırılmasını “Socceroos”un dünya çempionatındakı çıxışına yerli səviyyədə verilən yaradıcı dəstək kimi qiymətləndirib.

Patrik Biç Avstraliya millisinin qrup mərhələsində əsas simalarından birinə çevrilib. O, Türkiyə ilə oyunda bir neçə vacib seyv edərək komandasının 2:0 hesablı qələbəsində mühüm rol oynayıb.

Avstraliya qrup mərhələsini ABŞ-dan sonra ikinci pillədə başa vuraraq növbəti mərhələyə yüksəlib. Komanda qrupda Türkiyəyə 2:0 hesabı ilə qalib gəlib, ABŞ-a 0:2 hesabı ilə uduzub və Paraqvayla qolsuz heç-heçə edib.

Biç turnirdə iki “quru oyun” keçirib və baş məşqçi Toni Popoviçin onu təcrübəli qapıçı Metyu Rayanın əvəzinə əsas heyətdə oynatması Avstraliyada geniş müzakirə olunub.

“Daily Telegraph”in məlumatına görə, Patrik Biç bu jesti “çox xoş və gülməli” adlandırıb. O bildirib ki, komanda Avstraliyadan gələn dəstəyi hiss edir və bu, futbolçular üçün əlavə motivasiya yaradır.

“St Kilda Beach” Avstraliyanın ən tanınmış şəhər çimərliklərindən biri hesab olunur. Çimərliyin “Patrick Beach” adlandırılması həm qapıçının soyadı ilə söz oyunu, həm də ölkədə mundial həyəcanının artmasının göstəricisi kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930