“Sözcü” qəzetinin tanınmış yazarı Sayqı Öztürk redaksiyaya edilən maraqlı və mübahisəli telefon zəngi ilə bağlı diqqətçəkən yazı qələmə alıb.
Onun bildirdiyinə görə, 9 dekabr tarixində qəzetin telefonuna zəng edən naməlum şəxs əvvəlcə danışmaq istəmədiyini bildirib, daha sonra isə özünü “Ben Yeşil” – “Mən Yaşılam” sözləri ilə təqdim edib.
Bu ifadə, Türkiyədə xüsusilə, 1990-cı illərdə adı çoxsaylı faili-məchul cinayətlər, gizli əməliyyatlar və təhlükəsizlik strukturları ilə bağlı iddialarda hallanan, “Yeşil” kod adı ilə tanınan Mahmut Yıldırımı xatırladıb. Uzun illərdir taleyi barədə ziddiyyətli məlumatlar dolaşan bu adın yenidən gündəmə gəlməsi cəmiyyətdə ciddi rezonans doğurub.
Sayqı Öztürk yazır ki, zəng edən şəxs sonrakı danışığında özünün 1953-cü il təvəllüdlü olduğunu, bir müddət əvvəl qaraciyər transplantasiyası keçirdiyini iddia edib. Həmin şəxs uzun illər Azərbaycanda yaşadığını, hazırda isə Suriyada olduğunu söyləyib. O, keçmişdə Abdullah Öcalana qarşı planlaşdırılan sui-qəsdlə bağlı məlumatlara malik olduğunu və bu planın xəyanət səbəbilə baş tutmadığını da iddia edib.
Zəng edən şəxs Konya şəhərində bir müddət saxlanıldığını, lakin sonradan sərbəst buraxıldığını da bildirib. Lakin bütün bu deyilənlərin rəsmi qurumlar tərəfindən təsdiqlənmədiyi xüsusi vurğulanır.
Məqalədə qeyd olunur ki, Mahmut Yıldırım “Yeşil” kod adı ilə son dəfə 1997-ci ildə dövlət qurumlarından birinə çağırıldıqdan sonra ortadan itib və onun sağ olub-olmaması ilə bağlı bu günə qədər dəqiq məlumat yoxdur. Bu səbəbdən redaksiyaya edilən zəngin həqiqətən həmin şəxsə aid olub-olmadığı sual olaraq qalır.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, “Sözcü” qəzetinin korporativ nömrəsinə həmin gün 3 zəng edilib. Hər bir zəngin davam etmə müddəti də açıqlanıb. Birinci zəng 1 dəqiqə 59 saniyə, ikinci zəng 15 dəqiqə, üçüncü zəng isə 13 dəqiqə 34 saniyə sürüb.
Nazirliyin araşdırmaları nəticəsində məlum olub ki, zəngləri edən şəxs gerçək “Yeşil” deyil, bir açıq tipli həbsxanada qalan C.A. adlı məhbusdur. Nazirlik bu şəxsin “adam öldürmə, qəsdən yaralama və əmlaka zərər vermə” kimi ağır cinayətlərdən məhkum edildiyini açıqlayıb.
“Sözcü” yazır ki, adı çəkilən telefon zəngi həm təhlükəsizlik, həm də siyasi baxımdan Türkiyənin yaxın tarixində qaranlıq qalan səhifələri yenidən gündəmə gətirib və mövzu ictimai müzakirələrə səbəb olub.