40 mindən çox icarə müqaviləsi, şəxsi təyyarə donanması, lüks yaxtalar, milyardlarla dollar dəyərində şəxsi bank hesabları və iri şirkətlərdə paylar… İlk baxışda kino ssenarisini xatırladan bu sərvət əslində Tailand kralı Maha Vajiralongkorna – Rama X-ə məxsusdur. O, bu gün dünyanın ən varlı monarxı hesab olunur. Bəs kral bu nəhəng var-dövləti necə əldə edib?
1952-ci ildə Bangkokda doğulan Maha Vajiralongkorn, 70 ildən çox hakimiyyətdə olmuş atasının – Kral Bhumibol Adulyadejin ölümündən sonra 2016-cı ildə taxta çıxıb. Taxta çıxana qədər o, hərbi xidmət keçib və orduda yüksək vəzifələrdə çalışıb. Kralın adı illər ərzində qumar, qanunsuz fəaliyyətlər və şəxsi münasibətlərinə dair qalmaqallarla da gündəmə gəlib. O, indiyədək 4 dəfə evlənib və 7 övladı var.

Kralın şəxsi həyatı kimi, həyat tərzi də daim diqqət mərkəzində olub. Ev heyvanlarına olan xüsusi sevgisi ilə seçilən kral, hətta kaniş cinsli itini bir dövrdə “hava qüvvələri marşalı” rütbəsi ilə təltif etmişdi.
Bu gün Kral Vajiralongkornun nəzarətində olan aktivlərin dəyəri 43 milyard dollardan çoxdur. Onun sərvətinin əsas hissəsini:
-
65 kv.km-dən çox ərazi və 40 minə yaxın kira müqaviləsi
-
Bangkokda 30 milyard dollardan artıq qiymətləndirilən mülklər
-
38 şəxsi təyyarə
-
300-dən çox lüks avtomobil
-
50-dən çox şəxsi yaxta
-
çoxsaylı brilyant və qiymətli daş kolleksiyaları təşkil edir.

2018-ci ildə ən azı 30 milyard dollar dəyərində olan bütün krallıq aktivləri rəsmi olaraq şəxsi mülkiyyət kimi kralın üzərinə keçirilib. Bu, onun gəlir və təsir gücünü daha da artırıb. Kral həmçinin Taylandın ən böyük bank və sənaye müəssisələrində milyonlarla dollarlıq pay sahibidir. Bundan əlavə, ona tabe olan 5 min nəfərlik Kraliyyət Mühafizə Alayı ölkə daxilində siyasi nüfuzunun mühüm dayağı sayılır.
Tayland kralından sonra siyahıda Bruney Sultanı Hassanal Bolkiah təxminən 28 milyard dollar və Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz təxminən 18 milyard dollarlıq sərvətlə növbəti pillələrdə yer alırlar.