Texnologiya nəhəngi “Meta” şirkətinin rəhbəri Mark Zukerberq Havay adalarındakı 1400 akrlıq əmlakında inşa olunan 270 milyon dollarlıq yeraltı strukturla bağlı yayılan “bunker” iddialarını təkzib edib.
Zukerberq bildirmişdir ki, bu struktur tam bir apokalipsis sığınacağı deyil, sadəcə anbar və digər binaları birləşdirən yeraltı keçiddən ibarətdir.
Məsələ ilə əlaqədar verdiyi müsahibədə Zukerberq “Bunker tikdirməyimlə bağlı hekayə həqiqət deyil. Bu, daha çox yeraltı anbar sahəsidir və başqa binaya aparan tuneldir” – deyə bildirib.
Rəsmi sənədlər və yerli xəbərlərdə yer alan məlumatlara görə, onun Kauai adasında yerləşən “Koolau Ranch” əmlakında iki böyük malikanə ilə yanaşı 5 000 kvadrat fut ölçüsündə yeraltı sahə də inşa edilir. Belə bir yeraltı strukturun maddi dəyərinin tikinti icazələri ilə birlikdə təqribən 270 milyon dollar olduğu vurğulanıb.
Bəzi xəbərlərdə yeraltı tikilinin yaşayış sahələri, mexaniki otaqlar və hətta bir qaçış pilləkəni ilə tamamlandığı da qeyd edilsə də, Zukerberq bu izahları mediada və sosial şəbəkələrdə dəfələrlə “anbar və kiçik sığınacaq” kimi səciyyələndirib və “bütün fermaya apokalipsis bunkeri kimi baxılması düzgün deyil” deyə vurğulayıb.
Zukerberq həmçinin eyni mülkdə kənd təsərrüfatı fəaliyyətilə məşğul olduğunu, orada mal‑qara yetişdirdiyini və yüksək keyfiyyətli ət istehsal etməyi planlaşdırdığını qeyd edib.