SEPAH Aerokosmik Qüvvələrində böhran iddiası – komandan yoxa çıxıb

“Iran International” SEPAH Aerokosmik Qüvvələrinin komandanı Məcid Musavinin yoxa çıxdığını və idarəetmə böhranı yarandığını iddia edir.

12

İranın müxalif “Iran International” resursunun yaydığı məlumata görə, SEPAH Aerokosmik Qüvvələrində ciddi idarəetmə problemləri yarandığı iddia olunur.

Məlumata əsasən, qurumun Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi döyüş əməliyyatlarının ən gərgin mərhələsində iş yerində görünməyib və bu səbəbdən yüksək rütbəli şəxslərin tənqidinə məruz qalıb. İddialara görə, o, münaqişənin ilk günlərindən etibarən bölmələrə birbaşa rəhbərlik etməyib.

Bildirilir ki, bu qüvvələr İranın raket və pilotsuz uçuş aparatları üzrə əsas zərbə potensialını təşkil edir. Komandanlığın olmaması fonunda isə şəxsi heyət arasında itkilərin artdığı və vəziyyətin daha da ağırlaşdığı qeyd olunur.

Mənbələr iddia edir ki, raket və dron operatorları mövqelərinin dərhal ABŞ və SAXAL tərəfindən hədəfə alındığını bildirir və hər bir buraxılışı yüksək riskli əməliyyat kimi qiymətləndirirlər.

Həmçinin qeyd olunur ki, bu məlumatlar SEPAH daxilində ruh düşkünlüyünün artdığı və komanda strukturlarında koordinasiya problemlərinin yarandığına işarə edir. Bəzi iddialara görə, yüksək rütbəli şəxslər təhlükəsiz sığınacaqlarda qalmağa üstünlük verir.

Qeyd edək ki, bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və əsasən müxalif media resurslarına istinad edir.