Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi – PREZİDENTİN SƏRƏNCAMI

Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Sərəncamda tarixi irs, bərpa və dayanıqlı şəhərsalma vurğulanır.

75

Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bununla bağlı Prezident müvafiq Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan şəhərsalma və memarlıq sənəti çoxəsrlik zəngin tarixə malikdir. İpək Yolu üzərində yerləşən ölkə şəhərləri əsrlər boyu mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi formalaşıb, bu prosesdə memarlıq abidələri şəhərlərin özünəməxsus simasının yaranmasında mühüm rol oynayıb.

Prezident Sərəncamında vurğulanır ki, İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan Sarayı kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya miqyasında tanınan nümunələridir. Möminə xatun türbəsi, Xudafərin körpüsü, Atəşgah kompleksi kimi memarlıq inciləri isə milli memarlıq ənənələrinin rəmzinə çevrilib.

Sənəddə böyük memar Əcəmi Naxçıvaninin yaradıcılığı xüsusi qeyd olunaraq, onun Azərbaycan və Yaxın Şərq memarlığına güclü təsir göstərdiyi vurğulanır. XIX əsrin ortalarından etibarən Bakının sürətli sənayeləşməsi fonunda Şərq və Qərb memarlığının sintezindən yaranan yeni şəhər simasının formalaşdığı bildirilir.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr Azərbaycan şəhərsalma və memarlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Həmin illərdə tarixi şəhərlərin qorunması, memarlıq abidələrinin bərpası və bu sahədə institusional əsasların yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Müstəqillik dövründə isə paytaxt Bakıda və regionlarda müasir memarlıq nümunələri yaradılıb. Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Ağ Şəhər layihəsi kimi komplekslər ölkənin memarlıq mənzərəsini zənginləşdirib, regionların siması isə əsaslı şəkildə yenilənib.

Sərəncamda xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə diqqət çəkilir. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə qısa müddətdə 100-dən artıq yaşayış məntəqəsi üzrə planlaşdırma sənədləri hazırlanıb, Şuşa şəhərinin tarixi memarlıq siması bərpa olunub.

Qeyd edilir ki, Azərbaycan dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Bu baxımdan, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə həyata keçirilən təşəbbüslər və 2026-cı ildə Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ölkənin qlobal şəhərsalma proseslərində artan rolunu təsdiqləyir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planının hazırlanaraq bir ay müddətində dövlət başçısına təqdim edilməsi tapşırılıb.