“Şaxtyor”un sahibi Olimpiadadan kənarlaşdırılan ukraynalı idmançıya 200 min dollar bağışladı

46

Ukraynanın “Şaxtyor Donetsk” futbol klubunun sahibi Rinat Axmetov Olimpiya Oyunlarından diskvalifikasiya edilən ukraynalı skelet yarışçısı Vladislav Heraskeviçə 200 min ABŞ dolları məbləğində maddi dəstək göstərib. Bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib.

27 yaşlı Heraskeviç Milan–Kortina Qış Olimpiya Oyunlarında yarışdan əvvəl diskvalifikasiya olunub. Buna səbəb onun dəbilqəsində Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra həlak olmuş 24 ukraynalı idmançının təsvirlərinin yer alması olub. Beynəlxalq Bobsley və Skeleton Federasiyasının münsiflər heyəti bu görüntülərin Olimpiya qaydalarına zidd olduğunu əsas gətirərək idmançının yarışa buraxılmaması barədə qərar verib.

Heraskeviç daha sonra İdman Arbitraj Məhkəməsinə müraciət etsə də, apellyasiya şikayəti yarışın həlledici mərhələsinə bir neçə saat qalmış rədd edilib. O, diskvalifikasiya səbəbindən ilk iki yürüşü də buraxmışdı.

Rinat Axmetov klubun açıqlamasında bildirib ki, Heraskeviç Olimpiya medalı qazana bilməsə də, Ukrayna cəmiyyətinin gözündə əsl qalibə çevrilib. Onun sözlərinə görə, bu maliyyə dəstəyi idmançının karyerasını davam etdirməsi, eləcə də, Ukrayna uğrunda həyatını itirənlərin xatirəsinin yaşadılması üçün mübarizəsini davam etdirməsi məqsədi daşıyır. Qeyd olunub ki, ayrılan məbləğ Ukraynada Olimpiya qızıl medalına görə verilən mükafatla eynidir.

Hadisə Olimpiya Oyunlarının ilk günlərində beynəlxalq mediada geniş rezonans doğurub. Beynəlxalq Olmipiya Komitəsinin prezidenti Kösti Koventri Heraskeviçlə görüşərək kompromis tapmağa çalışsa da, idmançının yarış zamanı həmin dəbilqəni taxmasına icazə verilməyib. BOK məsələni idmanda siyasətin qarşısının alınması prinsipi ilə əsaslandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Heraskeviçin mövqeyini dəstəkləyərək onun davranışını həm idman, həm də milli yaddaş baxımından prinsipial addım kimi qiymətləndirib.