MSNews.az xəbər verir ki, “Bloomberg” enerji bazarını izləyən “EA Analytics” şirkətinin məlumatlarına istinadla Rusiyanın neft emalı zavodlarında sutkalıq emalın orta hesabla 3,91 milyon barel təşkil etdiyini bildirib. Bu, 2005-ci ilin martından bəri qeydə alınmış ən aşağı göstəricidir və əvvəlki ilin orta səviyyəsindən sutkada 1,4 milyon bareldən çox azdır.
“EA Analytics” hesablamaları neft yataqlarının, anbarların və yükdaşımaların peyk və logistika məlumatları vasitəsilə izlənməsinə əsaslanır. Rusiya hakimiyyəti neft emalı ilə bağlı rəsmi statistikanın böyük hissəsini məxfiləşdirdiyindən müstəqil hesablamalar müxtəlif mənbələrdə müəyyən qədər fərqlənə bilər. Məsələn, “Beynəlxalq Enerji Agentliyi” iyunda Rusiya zavodlarının sutkada təxminən 3,8 milyon barel neft emal etdiyini qiymətləndirib.
“Reuters” bildirir ki, Ukrayna iyulun əvvəlindən Rusiyanın bir sıra iri neft emalı müəssisələrinə zərbələr endirib. Omsk, Saratov, Sızran və Salavatdakı zavodların fəaliyyəti hücumlardan sonra tam və ya qismən dayandırılıb.
İyulun 12-də hücuma məruz qalan “Rosneft”ə məxsus Sızran Neft Emalı Zavodu ilkin emal qurğusunun zədələnməsindən sonra fəaliyyətini dayandırıb. Zavodun illik emal gücü 8,5 milyon ton təşkil edir. Müəssisə 2024-cü ildə 800 min ton benzin, 1,5 milyon ton dizel və 700 min ton mazut istehsal edib.
İyulun 14-də Krasnodar diyarındakı Afipski Neft Emalı Zavodunda dron qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. İllik emal gücü 9 milyon tondan çox olan müəssisə Rusiyanın cənubundakı əsas yanacaq istehsalçılarından biri hesab olunur. Həmin gün Başqırdıstandakı “Qazprom neft-kimya Salavat” kompleksinə də zərbə endirilib və sənaye mənbələri müəssisənin fəaliyyətini dayandırdığını bildiriblər.
İyulun 6-da Rusiyanın ən böyük neft emalı müəssisəsi olan Omsk zavodu da hücumdan sonra emalı dayandırıb. “Reuters”in mənbələrinə görə, zavodun istehsal gücünün 38 faizini təmin edən əsas emal qurğularından biri zədələnib, digər iri qurğu isə kommunikasiya xətlərindəki problemlərə görə söndürülüb.
İyulun 9-da Saratov Neft Emalı Zavodunun yeganə əsas ilkin emal qurğusu zədələnib. Bundan sonra müəssisə həm neft emalını, həm də Sankt-Peterburq Beynəlxalq Əmtəə-Xammal Birjasında yanacaq satışını dayandırıb.
Zərbələr yalnız zavodlarla məhdudlaşmır. “Ukrainska Pravda” “Azadlıq Radiosu”nun təhlil etdiyi peyk görüntülərinə istinadla Tverdəki “Tvernefteprodukt” neft bazasında üç yanacaq rezervuarının məhv edildiyini yazıb. Regional hakimiyyət əvvəlcə yalnız bir rezervuarda yanğın baş verdiyini açıqlamışdı.
“Bloomberg”in hesablamasına görə, son 100 gün ərzində Rusiyanın yanacaq istehsalı obyektlərinə təxminən 50 hücum həyata keçirilib və ölkədəki 34 iri neft emalı zavodundan azı 24-ü müxtəlif vaxtlarda hədəfə alınıb. Beynəlxalq Enerji Agentliyi isə mayın əvvəlindən bəri hücumların Rusiyanın ümumi emal gücünün yarıdan çoxuna təsir göstərdiyini bildirib.
Emal həcminin azalması Rusiyada benzin və dizel çatışmazlığını dərinləşdirib. Ölkənin bir sıra regionlarında yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələr yaranıb, hökumət isə benzin, dizel və aviasiya yanacağının ixracına məhdudiyyətlər tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bazarda çatışmazlığın olduğunu etiraf edib.