Rusiya XİN Azərbaycanı mühüm regional tərəfdaş adlandırdı

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda Moskvanın mühüm tərəfdaşı olduğunu bildirib. Bəyanat Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri ərəfəsində yayılıb.

6

MSNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfəri ərəfəsində yaydığı məlumatda bildirilib.

“Ölkələrimiz arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda ardıcıl şəkildə inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birimizin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”, – açıqlamada qeyd olunub. Bu barədə Rusiya XİN-in məlumatına istinadən “APA” xəbər yayıb.

Nazirlik iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi sənədin imzalandığını bildirib. Moskva 2022-ci il fevralın 22-də imzalanmış Azərbaycan və Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialının tam reallaşdırılmasında maraqlı olduğunu açıqlayıb.

Açıqlamada Azərbaycan və Rusiya rəhbərləri arasında müntəzəm və etimada əsaslanan dialoqun davam etdiyi vurğulanıb. Rusiya XİN prezidentlər İlham Əliyev və Vladimir Putin arasında martın 11-də telefon danışığının keçirildiyini, iki ölkənin baş nazirlərinin isə il ərzində iki dəfə telefonla danışdığını xatırladıb.

Rusiya tərəfi Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyəni əhatə edən “3+3” regional əməkdaşlıq platformasının mühüm potensiala malik olduğunu da bildirib. Moskvanın mövqeyinə görə, bu format regional məsələlərin kənar müdaxilə olmadan bölgə ölkələrinin iştirakı ilə həllinə töhfə verə bilər.

Rusiya XİN Cənubi Qafqazda sülh və sabitliyin Moskva üçün mühüm olduğunu qeyd edərək, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərməyə hazır olduğunu açıqlayıb. Nazirlik sülh müqaviləsi, sərhədin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələlərini mümkün əməkdaşlıq istiqamətləri sırasında göstərib.

Ceyhun Bayramovun Rusiya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparması planlaşdırılır. Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın perspektivləri, eləcə də regional və beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunacaq.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.