Rumıniyada oktyabrın 5-dən “MOBEX București–Ilfov 26” səfərbərlik təlimi başlayıb. Təxminən 10 min ehtiyatda olan hərbçi Buxarest və İlfof bölgəsində yerləşən hərbi hissələrə bir günlük hazırlıq üçün çağırılır.
MSNews.az xəbər verir ki, “Romania Insider” təlimin oktyabrın 12-dək davam edəcəyini yazır. Çağırılan ehtiyatda olan hərbçilərin yaşının 43–63 arasında olduğu bildirilir.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, ehtiyatda olan şəxslər yalnız çağırış sənədində göstərilən gündə təyin olunmuş hərbi hissəyə gəlməlidirlər. Təlim zamanı şəxsi heyətin iştirakı, tibbi və psixoloji hazırlıq, rabitə, mühəndis hazırlığı, silahlardan istifadə və hərbi texnika ilə tanışlıq yoxlanılır.
Üzrlü səbəb olmadan təlimə gəlməmək və ya çağırış sənədini qəbul etməkdən imtina etmək inzibati xəta hesab olunur və cərimə ilə nəticələnə bilər. İşləyən ehtiyat hərbçilərə isə təlimdə iştirak üçün əlavə ödənişli bir günlük məzuniyyət verilməlidir.
Rumıniya Müdafiə Nazirliyi bildirir ki, MOBEX tipli təlimlər hər il keçirilir və ehtiyat qüvvələrin, hərbi hissələrin, dövlət strukturlarının, eləcə də maddi resursların səfərbərlik hazırlığını yoxlamaq məqsədi daşıyır. Nazirlik bu təlimlərin planlı və rutin xarakter daşıdığını, Ukraynadakı müharibə və ya regionda konkret təhlükə ilə əlaqələndirilməsinin düzgün olmadığını vurğulayıb.
2026-cı il üçün Rumıniyada üç MOBEX təlimi planlaşdırılıb: mayda Alba və Hunedoara, sentyabrda Neamț, Suceava və Botoșani, oktyabrda isə Buxarest və İlfofda.