Türkiyədə “Can Holding” istintaqı çərçivəsində həbs edilən Bilgi Universitetinin keçmiş rektoru Prof. Dr. Remzi Sanver barəsində təxliyə qərarı verilib.
MSNews.az xəbər verir ki, bu barədə “Odatv” məlumat yayıb. Məlumata görə, Sanver “Can Holding”-ə yönəlik istintaqın ikinci dalğa əməliyyatı zamanı ötən ilin oktyabrında tutularaq həbs edilmişdi.
“Medyascope” yazır ki, Bilgi Universitetinin keçmiş rektoru təxminən səkkiz ay sonra azadlığa buraxılıb. Sanver “Can Holding” işi üzrə Kenan Tekdağ və digər şəxslərlə birlikdə tutulanlar arasında idi.
Remzi Sanver 1970-ci ildə İstanbulda anadan olub. O, orta təhsilini Qalatasaray Liseyində alıb, daha sonra Boğaziçi Universitetinin Sənaye mühəndisliyi fakültəsini bitirib. Magistratura və doktorantura təhsilini isə eyni universitetdə iqtisadiyyat sahəsində tamamlayıb.
Sanver 1998-ci ildən İstanbul Bilgi Universitetində akademik fəaliyyətə başlayıb, 2006-cı ildə professor elmi adını alıb. 2011-2015-ci illərdə İstanbul Bilgi Universitetinin rektoru vəzifəsində çalışıb.
O, həmçinin Azad və Qəbul Edilmiş Masonlar Lojasının (Hür və Kabul Edilmiş Masonlar Derneği) Böyük Üstadı kimi tanınıb.
Sanver 2021-ci ildə Burak Elmas dövründə qısa müddət Qalatasaray klubunun mətbuat katibi vəzifəsində də çalışıb.
Qeyd edək ki, təxliyə qərarı iş üzrə yekun hökm anlamına gəlmir. İstintaq və hüquqi prosesin davam edib-etmədiyi ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama gözlənilir.