Azərbaycan və Türkiyə paxlava üçün UNESCO-ya müraciət etdi

Azərbaycan və Türkiyə paxlavanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə nominasiya təqdim edib. Müraciət “Pakhlava/Baklava” adı ilə 2026-cı il üzrə baxılacaq fayllar sırasındadır.

10

Azərbaycan və Türkiyə paxlavanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə müraciət edib.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, iki ölkə paxlavanın “baklava” və “pakhlava” adları ilə UNESCO-nun İnsanlığın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ortaq dosya hazırlayıb.

“UNESCO” rəsmi saytında da 2026-cı il üzrə baxılmaqda olan nominasiya faylları sırasında Azərbaycan və Türkiyənin təqdim etdiyi “Artisanal knowledge and cultural practices of Pakhlava/Baklava” adlı müraciət yer alır. Faylın Reprezentativ Siyahı üzrə təqdim edildiyi göstərilir.

“Türkiye” qəzetinin məlumatına görə, yekun qərarın 30 noyabr – 5 dekabr tarixlərində Çinin Syamen şəhərində keçiriləcək UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 21-ci sessiyasında verilməsi gözlənilir.

Müraciətin əsas məqsədi paxlavanın Azərbaycan və Türkiyə mədəni-mətbəx ənənəsindəki yerini beynəlxalq səviyyədə tanıtmaq və bu irsin qorunmasını təmin etməkdir. Nəşr bildirir ki, ortaq nominasiya iki ölkənin gastronomiya irsi sahəsində əməkdaşlığının mühüm nümunələrindən biri kimi qiymətləndirilir.

Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının rəsmi saytında ölkənin muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayı, dolma, çay mədəniyyəti, tandır sənəti və digər mədəni irs nümunələrinin UNESCO siyahılarında yer aldığı bildirilir. Türkiyənin də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahılarında çoxsaylı mədəni irs elementləri mövcuddur.

Qeyd edək ki, Qaziantep baklavası 2013-cü ildə Avropa İttifaqı tərəfindən coğrafi göstərici kimi qoruma altına alınıb. Avropa İttifaqı məlumatlarında Qaziantep baklavasının həmin il PGI statusu aldığı bildirilir.

Paxlavanın UNESCO siyahısına daxil edilməsi ilə bağlı yekun qərar qəbul olunacağı halda, bu, Azərbaycan və Türkiyənin ortaq mədəni-mətbəx irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım olacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930