Son günlər beynəlxalq media diqqətini əsasən Xarq adası neft terminalına yönəldsə də, Qeşm adası partlayış xəbərləri regiondakı böhranın miqyasını daha geniş şəkildə göstərməyə başlayıb. Analitiklər bildirirlər ki, bu hadisələr Fars körfəzində gərginliyin yeni və daha təhlükəli mərhələyə keçə biləcəyini işarə edir.
İlk xəbərlərdə hücumun BƏƏ tərəfindən endirildiyi qeyd olunsa da, daha sonra məlumatlar yayıldı ki, əslində zərbə ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Hədəf adadakı strateji obyektlər, xüsusən suyun duzsuzlaşdırılması infrastrukturu olub. “Reuters” agentliyinə danışan İran hökumət mənbəsi bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazına nəzarətin itirilməsini müharibənin uduzulması kimi qiymətləndirir. Bu baxımdan Qeşm Tehran üçün sadəcə hərbi obyekt deyil, həm də regional təhlükəsizlik strategiyasının əsas elementidir.
Xarq adası İranın “enerji xəzinəsi” hesab olunursa, Qeşm həm müdafiə qalxanı, həm də planetin enerji arteriyasının üzərində dayanan strateji rıçaq rolunu oynayır. Fars körfəzinin ən böyük adası olan Qeşm materikdən yalnız iki kilometrlik su zolağı ilə ayrılır və bu, onu faktiki olaraq batmaz hərbi platformaya çevirir. Ada sahil müdafiə sistemləri, raket kompleksləri və müşahidə infrastrukturu üçün ideal mövqedə yerləşir.
Hörmüz boğazının girişinə yaxın yerləşməsi onun strateji əhəmiyyətini daha da artırır. Dünya üzrə daşınan neftin təxminən dörddə biri bu boğazdan keçir, bu səbəbdən hər hansı hərbi gərginlik qlobal enerji bazarlarına dərhal təsir edir. Qeşm həmçinin azad ticarət zonası və logistika mərkəzi kimi İran iqtisadiyyatında mühüm rol oynayır; liman infrastrukturu və hava nəqliyyatı vasitəsilə sanksiyalar şəraitində Tehran üçün həyati iqtisadi arteriya hesab olunur.
Əgər adada baş verən partlayışlar təsdiqlənərsə, bu, münaqişənin yeni mərhələyə keçdiyini göstərə bilər. Hücumlar İranın Hörmüz boğazını bloklama imkanını zəiflətməyi və ölkənin iqtisadi dayanıqlığını təmin edən logistika arteriyalarını zədələməyi hədəfləyir. SEPAH rəhbərliyi hesab edir ki, boğazın itirilməsi müharibənin strateji nəticələrinə ciddi təsir göstərə bilər. ABŞ administrasiyasının regiondakı hərbi aktivliyi də əsasən bu təsir alətini zəiflətmək məqsədini güdür.
Bəzi analitiklər ABŞ və müttəfiqlərinin gələcəkdə Qeşm və digər strateji adalara nəzarət əldə etməyə cəhd edə biləcəyini istisna etmirlər. Bu ssenari reallaşsa, İran münaqişənin gedişinə təsir edən ən güclü geosiyasi rıçaqlardan birini itirmiş olacaq. Nəticədə neft qiymətləri artıq sadəcə tələb və təklif balansına deyil, Fars körfəzindəki hərbi gedişlərə də bağlı vəziyyətə düşür.