“Politico” nəşrinin iddiasına görə, Vladimir Putin ABŞ prezidenti Donald Trumpa qeyri-adi sövdələşmə təklif edib.
Məlumata əsasən, Moskva İrana kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq qarşılığında Vaşinqtondan Ukraynaya yardımı azaltmağı və ya dayandırmağı istəyib.
Nəşr yazır ki, bu təklif ötən həftə Mayamidə keçirilən görüşdə səsləndirilib. Görüşdə Rusiya nümayəndəsi Kirill Dmitriyev, eləcə də Tramp administrasiyasına yaxın fiqurlar Stiv Uitkoff və Cared Kuşner iştirak edib.
İddialara görə, təklif çərçivəsində əgər Pentaqon Ukraynaya Rusiya ilə bağlı kəşfiyyat məlumatlarının verilməsini dayandırsa, Moskva da öz növbəsində İrana – o cümlədən Yaxın Şərqdəki ABŞ hərbi obyektləri ilə bağlı – məlumat ötürülməsini kəsə bilər.
“Politico”nun mənbələri bildirir ki, ABŞ bu təklifi qəbul etməyib. Bununla belə, belə bir təşəbbüsün ortaya çıxması Avropada ciddi narahatlıq yaradıb.
Avropa rəsmiləri ehtiyat edir ki, Rusiya bu cür addımlarla ABŞ və Aİ-nin Ukrayna ilə bağlı siyasətini zəiflətməyə çalışa bilər və bu, regionda təhlükəsizlik balansına mənfi təsir göstərə bilər.
Hazırda bu məlumat rəsmi səviyyədə təsdiqlənməyib və iddia xarakteri daşıyır.