Paşinyan: “Müxalifət Ermənistanı müharibəyə aparır”

Ermənistanın baş naziri Nikol Paşinyan müxalif qüvvələrin siyasətinin Azərbaycanla sülhü təhlükə altına qoyduğunu və müharibəyə yol açdığını bildirib.

23

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə artan siyasi gərginlik fonunda müxalif qüvvələrin siyasətini sərt şəkildə tənqid edib.

Paşinyan bildirib ki, Robert Köçəryan, Samvel Karapetyan və Qagik Tsarukyanın rəhbərlik etdiyi qüvvələr Ermənistanla Azərbaycan arasında formalaşmış sülh siyasətinin yenidən nəzərdən keçirilməsini təklif edir. Onun sözlərinə görə, bu yanaşma birbaşa müharibəyə aparan yol deməkdir.

Baş nazir vurğulayıb ki, bu qüvvələr “sülhə güc yolu ilə nail olma” ritorikasından istifadə edir və bu, müharibəni qaçılmaz edir. “Bu, tarixi bir yolayrıcıdır. Biz sülh qurmuşuq və müharibənin qapılarını bağlamışıq. Onlar isə bu qapını yenidən açmağa çalışır”, – deyə Paşinyan bildirib.

O, həmçinin “zəmanətçilər” mövzusuna toxunaraq qeyd edib ki, belə yanaşma faktiki olaraq ölkəyə xarici sülhməramlı qüvvələrin daxil olması üçün zəmin yaradır. Paşinyan xatırladıb ki, əvvəlki təcrübə bu cür mexanizmlərin effektiv olmadığını göstərib.

Baş nazirin fikrincə, Ermənistanla Azərbaycan arasında əldə olunan sülh yalnız ölkənin öz gücünə arxalanması sayəsində mümkün olub. O bildirib ki, xarici zəmanətlərə güvənmək əksinə, ölkəni eskalasiya və müharibəyə sürükləyib.

Paşinyan çıxışının sonunda qeyd edib ki, Ermənistan artıq “sağ qalma gündəliyindən inkişaf gündəliyinə” keçib. Onun sözlərinə görə, sülhün yenidən nəzərdən keçirilməsini istəyən qüvvələr ölkəni yenidən qeyri-sabitlik mərhələsinə qaytarmağa çalışır.