Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verdi

Norveç polisi Osloda ABŞ səfirliyinin konsulluq girişində partlayış baş verdiyini açıqlayıb. Hadisə nəticəsində minimal ziyan qeydə alınıb.

31

Norveçin paytaxtı Oslo şəhərində ABŞ səfirliyinin konsulluq girişində partlayış baş verib. Polis hadisə nəticəsində ciddi zərərin olmadığını bildirir və şübhəli şəxsin axtarışını davam etdirir.

Norveç polisi Oslodakı ABŞ səfirliyinin konsulluq girişində partlayış baş verdiyini açıqlayıb. İlkin məlumata görə, hadisə nəticəsində minimal ziyan dəyib və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Səlahiyyətli orqanlar partlayışın səbəblərini araşdırır. Polis hadisə yerində partlayıcı qurğunun yerləşdirilmiş ola biləcəyini ehtimal edir və şübhəli şəxsin axtarışının davam etdiyini bildirir.

Norveçin “VG” nəşrinin yazdığına görə, güclü partlayış səsi yerli vaxtla təxminən saat 01:00-da (Bakı vaxtı ilə 04:00) eşidilib. Hadisənin kim tərəfindən törədildiyi və dəqiq səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Yerli sakinlər partlayışın çox güclü olduğunu və “bütün evin sirkələndiyini” bildiriblər. Onların sözlərinə görə, partlayışdan sonra səfirlik ərazisi üzərində tüstü buludu müşahidə olunub.

Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb edilib, ərazi mühasirəyə alınıb və araşdırma aparılır.

“Reuters” agentliyinə danışan hadisə şahidi Sebastyan Torstad partlayışın Yaxın Şərqdə gərginliyin artması fonunda baş verən etiraz aksiyaları ilə əlaqəli ola biləcəyini ehtimal edib. O qeyd edib ki, hadisədən əvvəl səfirlik binası qarşısında ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumlarla bağlı etiraz aksiyaları keçirilirdi.

“Partlayışdan sonra səfirlik üzərində dövrə vuran helikopter gördüm və ərazi üzərində sıx tüstü vardı. Polis hansı silahdan istifadə olunduğunu hələ müəyyən edə bilməyib, lakin ziyan cüzidir”, – deyə şahid bildirib.