İsrailin baş naziri Benjamin Netanyahu sosial şəbəkələrdə yayılan “öldüyü” barədə iddialara qəhvə dükanında çəkilmiş video ilə cavab verib.
Bu barədə MSNews.az məlumat yayıb.
Yayılan görüntülərdə Netanyahu qəhvə dükanında oturarkən görünür və sosial mediada müzakirə olunan süni intellekt videosuna da toxunur. Həmin videoda onun əlində guya altı barmaq olduğu iddia edilirdi. Netanyahu isə kameraya əlini göstərərək barmaqlarının normal sayda olduğunu nümayiş etdirib.
Lakin bu videonun da süni intellekt məhsulu olması ilə bağlı iddialar mövcuddur. Bəzi istifadəçilər videonun COVID-19 dövrünə, digəriləri isə 2024-cü ilə aid olduğunu iddia edir.
Qeyd edək ki, İranın “Tasnim” xəbər agentliyində yayılan bəzi iddialar sosial şəbəkələrdə geniş müzakirə olunub. Lakin İsrailin “The Jerusalem Post” nəşri bu xəbərləri təsdiqləyən hər hansı faktın olmadığını bildirib.
İran mediası iddialarını hökumət başçısının yeni görüntülərinin uzun müddət yayımlanmaması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, planlaşdırılmış səfərlərin ləğv edilməsi və Emmanuel Makron ilə telefon danışığı kimi məlumatlarla əsaslandırmağa çalışıb. Həmçinin ABŞ ordusunun keçmiş zabiti Skott Ritterin açıqlamalarına da istinad olunub.
Bununla belə, rəsmi mənbələr Netanyahu ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirir. Məlumata görə, İsrail baş naziri martın 6-da Beer-Şeva şəhərinə səfər edib və Fransa prezidenti Makronla telefon danışığı aparıb.
Sosial şəbəkələrdə yayılan bəzi videolar isə istifadəçilər arasında yeni müzakirələrə səbəb olub. İddialara görə, görüntülər süni intellekt vasitəsilə hazırlanmış ola bilər və Netanyahunun evinə edilən hücum nəticəsində xəsarət alması barədə fərziyyələr irəli sürülüb.
Videolarda diqqət çəkən əsas məqam onun əlində guya altı barmaq görünməsi və barmaqların ölçülərinin bir-birinə çox yaxın olmasıdır. Bu isə bir çox istifadəçi tərəfindən görüntülərin orijinal olmaması və süni intellektlə hazırlanması ehtimalı kimi qiymətləndirilib.