Myanmada ilk ümumi seçkilərin son mərhələsi başladı

Myanmada 2021-ci il hərbi çevrilişindən sonra ilk dəfə keçirilən ümumi seçkilərin son mərhələsi başlayıb. Seçkilərin nəticələrinin yaxın günlərdə açıqlanması, martda parlamentin toplanması və apreldə yeni hökumətin formalaşması gözlənilir.

23

Myanmada 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra ilk dəfə təşkil olunan ümumi seçkilərin son mərhələsi başlayıb.

28 dekabr 2025-ci ildə start verilən seçkilərin yekun mərhələsi çərçivəsində yerli vaxtla saat 06:00-dan etibarən ölkənin təxminən 60 bölgəsində seçicilər səsvermə məntəqələrinə üz tutub. Seçkilər paytaxt Naypyidavla yanaşı, əsasən hərbi idarəetmənin nəzarətində olan ərazilərdə keçirilir.

Seçkilərin nəticələrinin yaxın günlərdə elan olunacağı, bundan sonra mart ayında parlamentin ilk iclasının keçiriləcəyi və apreldə yeni hökumətin vəzifəsinin icrasına başlayacağı gözlənilir. Hərbi rəhbərlikdən verilən açıqlamada bildirilib ki, seçkilərin ilk iki mərhələsində təxminən 24 milyon seçicinin 60 faizi səsvermədə iştirak edib.

Bununla yanaşı, beynəlxalq ictimaiyyətin seçkilərə münasibəti mənfi olaraq qalır. Malayziya 2025-ci ilin oktyabrında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına üzv dövlətlərin Myanmadakı seçkilərə müşahidəçi göndərməmək barədə qərar qəbul etdiyini və bu səbəbdən ASEAN-ın hazırda davam edən seçkiləri tanımayacağını açıqlamışdı.

Myanmada hərbi idarəetmənin rəhbəri general Min Aunq Hlainq isə bu gün verdiyi açıqlamada xarici ölkələrin seçkiləri qəbul edib-etməməsindən narahat olmadıqlarını bildirib. O, əsas məqsədin xalqın verdiyi səslərin tanınması olduğunu və prosesin bu şəkildə davam etməli olduğunu vurğulayıb.

Çatışmalar və zorakılıq fonunda keçirilən seçkilərin ilk iki mərhələsində ordu tərəfindən dəstəklənən Birlik üçün Dayanışma və İnkişaf Partiyasının əsas parlament yerlərinin böyük hissəsini qazandığı iddia olunur. Ümumilikdə ölkə üzrə 330 seçki bölgəsinin 265-i hərbi idarəetmənin nəzarətindədir və üç mərhələdə keçirilən seçkilər nəticəsində Alt Məclisdə 330, Üst Məclisdə isə 168 deputat mandatının sahibləri müəyyənləşdiriləcək. Bununla yanaşı, Alt Məclisdə 110, Üst Məclisdə isə 56 yer birbaşa hərbi rəhbərlik tərəfindən təyin olunur.

Rəsmi olaraq 57 partiya və 4800-dən çox namizəd seçkilərdə iştirak üçün təsdiq alsa da, yalnız 6 partiya bütün seçki bölgələrində yarışa bilib. Ən çox namizədlə seçkilərə qatılan orduyönlü USDP-nin bir çox bölgədə rəqibsiz mübarizə aparması isə tənqidlərə səbəb olub.

Xatırladaq ki, Myanma ordusu 2020-ci ildə keçirilən ümumi seçkilərdə saxtakarlıq edildiyi iddialarını irəli sürərək 1 fevral 2021-ci ildə hakimiyyəti ələ keçirmişdi. Çevrilişdən sonra ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Çii də daxil olmaqla çoxsaylı siyasi fiqurlar saxlanılmış, bir illik fövqəladə vəziyyət elan edilmişdi.

Hərbi çevrilişə qarşı dinc etirazların qanlı şəkildə yatırılmasından sonra başlayan silahlı qarşıdurmalar 2021-ci ildən bəri təxminən 6 min nəfərin ölümünə, 3 milyona yaxın insanın isə ev-eşiyindən didərgin düşməsinə səbəb olub. İnsan Hüquqlarını Müşahidə Təşkilatının 2025-ci il üzrə hesabatında qeyd olunur ki, çevrilişdən sonra 27 mindən çox şəxs hərbi idarəetmə tərəfindən saxlanılıb və onların təxminən 6 mini qadın, 570-i isə uşaqdır. Yerindən edilən insanların böyük hissəsi ölkə daxilində nisbətən təhlükəsiz bölgələrə sığınsa da, yüz minlərlə şəxs Tailand, Hindistan və Banqladeş sərhədlərinə üz tutmaq məcburiyyətində qalıb.