Mourinyo “Real Madrid”də sərt qaydalar tətbiq edib

Joze Mourinyo “Real Madrid”ə qayıtdıqdan sonra futbolçuların qidalanması, məşqlərə davamiyyəti və zədələrdən bərpası ilə bağlı yeni qaydalar tətbiq edib.

64

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo kluba qayıtdıqdan sonra komandanın gündəlik rejimində bir sıra yeni və daha sərt qaydalar tətbiq edib.

MSNews.az xəbər verir ki, İspaniyanın “AS” nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis Valdebebasdakı iş prosesini müşahidə etdikdən sonra futbolçuların qidalanması, məşqlərə vaxtında gəlməsi və zədələrdən bərpası üzərində nəzarəti gücləndirməyə qərar verib.

Yeni qaydalara əsasən, komandanın səhər yeməyi və ara qida menyuları artıq klubun dietoloqu tərəfindən əvvəlcədən müəyyən edilir. Futbolçular məşqin başlamasına bir saat qalmış bazada olmalıdırlar. Gecikən oyunçu isə komanda ilə məşq etmək əvəzinə idman zalında fərdi şəkildə çalışır. “AS” bildirir ki, bu qaydada futbolçunun statusuna görə istisna nəzərdə tutulmur.

Mourinyo zədələrin müalicəsi və reabilitasiyası ilə bağlı da nəzarəti sərtləşdirib. Futbolçular şəxsi məşqçilərlə işləsələr belə, bərpa prosesi Valdebebasda və klubun tibbi-məşq heyətinin nəzarəti altında aparılmalıdır. Klubdan kənarda müstəqil müalicə üsullarına icazə verilmir.

Portuqaliyalı məşqçi yalnız intizama deyil, komanda daxilində münasibətlərin gücləndirilməsinə də diqqət yetirir. Futbolçular və məşqçilər korpusu birlikdə nahar etməyə başlayıb. “AS”ın məlumatına görə, Mourinyo bu üsuldan daha əvvəl “Benfika”da da istifadə edib və bunu kollektiv daxilində birliyin formalaşdırılması üçün vacib hesab edir.

“AS”ın klub daxilindəki mənbələrinə görə, yeni rejim futbolçular tərəfindən indiyədək mənfi qarşılanmayıb və komandadakı atmosfer müsbət qiymətləndirilir. Mourinyonun məqsədi daha ciddi iş intizamı ilə yanaşı, vahid və nəzarətli komanda mühiti yaratmaqdır.