Monakoda yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər yaralanıb. Hadisənin ukraynalı biznesmen Vadim Yermolayevə qarşı sui-qəsd cəhdi ola biləcəyi ehtimal olunur.
MSNews.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. Agentliyə danışan istintaqa yaxın mənbə yaralılardan birinin ukraynalı oliqarx Vadim Yermolayev olduğunu bildirib.
Partlayış iyunun 29-da yerli vaxtla təxminən saat 21:00-da Monakonun Fransa sərhədinə yaxın ərazisində yerləşən yaşayış binasında baş verib. “ABC News” AFP-yə istinadən yazır ki, hadisə nəticəsində üç nəfər, o cümlədən bir yeniyetmə yaralanıb.

Monakonun dövlət naziri Kristof Mirmand bildirib ki, yaralanan kişi və qadının vəziyyəti ağırdır. Onun sözlərinə görə, 13 yaşlı yeniyetmə də xəstəxanaya aparılıb, lakin onun xəsarətləri daha az ağır qiymətləndirilir. Mirmand yeniyetmənin yaralanan cütlüklə “böyük ehtimalla qohum” olduğunu deyib.
Monako prokuroru Stefan Tibo bildirib ki, ilkin məlumata görə, şübhəli şəxs binanın giriş hissəsində çanta və ya bağlama qoyaraq ərazidən uzaqlaşıb. “The Guardian” yazır ki, müşahidə kameralarında bir şəxsin binanın girişində çanta qoyduğu və daha sonra Fransa sərhədi istiqamətində qaçdığı görünür.
Mirmandın sözlərinə görə, partlayıcı qurğunun tərkibində boltlar və ov qırması olub. Bu, qurğunun dağıdıcı təsirini artırmaq məqsədi daşıya bilərdi.
Monakonun dövlət naziri əvvəlcə hadisənin “hücum” xarakteri daşıdığını bildirsə də, daha sonra bunu “qəsdən törədilmiş partlayış” kimi xarakterizə edib. Prokuror isə hələlik binanın niyə hədəf seçildiyini göstərən məlumat olmadığını açıqlayıb.
“Bu, mənim bildiyim qədər, Knyazlıq tarixində belə bir hadisənin baş verdiyi ilk haldır”, – Mirmand bildirib.
Monako knyazı II Albert hadisəni “iyrənc cinayət” adlandırıb və bunun bütün Monako ictimaiyyəti üçün şok olduğunu deyib. Fransa daxili işlər nazirinin köməkçisi isə hüquq-mühafizə orqanlarının hadisəni törədən şəxsin tapılması üçün çalışdığını bildirib.
Vadim Yermolayev Ukraynanın Dnepr şəhəri ilə bağlı iri biznes layihələri və “Alef” qrupu ilə tanınır. “Ukrainska Pravda”nın məlumatına görə, o, “Alef Group”un sahibi olub və Dneprdəki “Brama” kompleksi kimi iri tikinti layihələri ilə əlaqələndirilir.

Həmin mənbənin məlumatına əsasən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2023-cü ilin dekabrında Yermolayevə qarşı 10 illik sanksiya tətbiq edib. Sanksiyalar aktivlərin dondurulması və maliyyə əməliyyatlarının dayandırılması kimi məhdudiyyətləri nəzərdə tutur. “Ukrainska Pravda” həmçinin Yermolayevin Kipr vətəndaşı olduğunu yazır.
Hazırda partlayışın motivi və sifarişli hücum olub-olmaması rəsmi şəkildə təsdiqlənməyib. Monako prokurorluğunun hadisə ilə bağlı əlavə məlumat açıqlayacağı gözlənilir.