Kristi Noem Daxili Təhlükəsizlik naziri vəzifəsindən gedəcək

ABŞ prezidenti Donald Tramp Daxili Təhlükəsizlik naziri Kristi Noemin martın 31-də vəzifədən ayrılacağını açıqlayıb. Onun yerinə Respublikaçı senator Markveyn Mallin təyin olunacaq.

37

Donald Tramp ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noemin martın 31-dən etibarən vəzifəsini tərk edəcəyini açıqlayıb. Onun yerinə Respublikaçı Oklahoma senatoru Markveyn Mallin təyin olunacaq.

Vaşinqtondan yayılan məlumata görə, Tramp bu barədə sosial media hesabında paylaşım edərək bildirib ki, Noem martın 31-də vəzifəsini tərk edəcək və Mallin yeni Daxili Təhlükəsizlik naziri kimi fəaliyyətə başlayacaq.

ABŞ prezidenti qeyd edib ki, Kristi Noem bundan sonra “The Shield of Americas” adlı yeni təhlükəsizlik təşkilatında xüsusi nümayəndə kimi çalışacaq. Tramp Respublikaçı senator Markveyn Mallinin yeni vəzifəsində uğurlu fəaliyyət göstərəcəyinə inandığını da vurğulayıb.

Kristi Noem son aylarda xüsusilə Minnesota ştatında miqrasiya əleyhinə əməliyyatlar zamanı baş verən hadisələrə görə ciddi tənqidlərə məruz qalmışdı. Həmin əməliyyatlar zamanı ABŞ vətəndaşı olan iki nəfərin ICE (Immigration and Customs Enforcement) əməkdaşları tərəfindən öldürülməsi ölkədə geniş rezonans doğurmuşdu.

Nazir, xüsusilə yanvarın 7-də öldürülən 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Maklin Qud barədə “yerli terrorçu” ifadəsini işlətmişdi. Bu açıqlama Senatdakı dinləmələr zamanı bir çox senator tərəfindən sərt tənqid edilmişdi.

Hadisə Minneapolis şəhərində miqrasiya əməliyyatı zamanı baş verib. Rəsmi məlumatlara görə, qadın avtomobili ilə ICE əməkdaşlarını vurmağa cəhd göstərdiyi iddiası ilə güllələnib.

Bundan əlavə, Minneapolisdə etiraz aksiyaları zamanı yanvarın 24-də daha bir nəfər ICE əməkdaşları tərəfindən saxlanılmaq istənərkən güllələnib. Səlahiyyətli şəxslər həmin şəxsin 37 yaşlı amerikalı tibb işçisi Aleks Ceffri Pretti olduğunu və üzərində silah tapıldığını açıqlayıblar.