Kreml etiraz qorxusu ilə internet və cəmiyyət üzərində nəzarəti artırır

"Reuters" yazır ki, Rusiya hakimiyyəti mümkün etirazlardan ehtiyatlanaraq internet bloklamalarını gücləndirir və FSB-nin səlahiyyətlərini genişləndirir.

16

“Reuters” agentliyinin məlumatına görə, rəsmi Kreml Ukrayna müharibəsindən sonra baş verə biləcək mümkün etiraz aksiyalarına hazırlaşaraq cəmiyyət və internet üzərində nəzarəti gücləndirir.

Məlumata əsasən, ölkədə bloklama tədbirləri artıq geniş vüsət alıb. İnternetə çıxışda məhdudiyyətlər, rabitə problemləri və müxtəlif xidmətlərin fəaliyyətində pozuntular getdikcə daha çox hiss olunur. Xüsusilə, VPN servislərinin, naviqasiya sistemlərinin və digər rəqəmsal platformaların işləməsində çətinliklər artıb.

Paralel olaraq təhlükəsizlik strukturlarının səlahiyyətləri genişləndirilir. Rusiya Federal Təhülkəsizlik Xidməti (FSB) operatorlara abunəçiləri şəbəkədən ayırmaqla bağlı tələblər irəli sürə bilir. Bu isə dövlətin rəqəmsal nəzarət imkanlarını daha da artırır.

Analitiklər qeyd edir ki, Kreml keçmiş təcrübələri nəzərə alaraq bu addımları atır. Xüsusilə, sovet-əfqan müharibəsi sonrası SSRİ-də baş verən proseslər hakimiyyət üçün dərs kimi qiymətləndirilir. Buna görə də Rusiya rəhbərliyi Çin və İranın nəzarət modellərini öyrənərək oxşar ssenarilərin qarşısını almağa çalışır.

Məlumata görə, ölkədə senzuranın daha da sərtləşdirilməsi və istifadəçilərin dövlət nəzarətində olan platformalara yönləndirilməsi planlaşdırılır. Bu kontekstdə “MAX” adlı şəbəkəyə keçid məsələsi də müzakirə olunur.

Maraqlı məqamlardan biri isə bu mövzunun hətta KVN proqramında satirik şəkildə gündəmə gətirilməsi olub. Qeyd olunur ki, belə bir zarafatın efirdən kəsilməməsi müşahidəçilər tərəfindən diqqətlə izlənilir.