İtaliyada turistlər üçün saxta “qədim şəhər” quran kişi həbs edilib

İtaliyanın Arkunyano şəhərində turistlərə qədim arxeoloji kompleks kimi təqdim edilən nəhəng saxta məkan yaradan Franko Malosso 2 il 4 ay həbs cəzası alıb. “Qədim” amfiteatr, sütun və heykəllərin müasir materiallardan hazırlandığı müəyyənləşib.

34

İtaliyanın Viçenza əyalətində turistlərə qədim arxeoloji abidə kimi təqdim etdiyi nəhəng saxta kompleks yaradan 69 yaşlı Franko Malosso həbs edilib.

MSNews.az xəbər verir ki, “Corriere del Veneto”-nun məlumatına görə, özünü bəzən Franz von Rosenfranz adı ilə təqdim edən Malosso “Anfiteatro Marittimo Berico” adlı məkanı illərlə qədim tarixi kompleks kimi tanıdıb. Əslində isə pilləkənlər, sütunlar, heykəllər və digər “qalıqlar” müasir daş blokları, beton və gipsdən hazırlanaraq süni şəkildə köhnəldilmişdi.

Təxminən 5 min kvadratmetr ərazini əhatə edən kompleks İtaliyanın şimalındakı Arkunyano şəhərində yerləşirdi. Malosso ziyarətçilərə ərazinin 2005-ci ildə baş vermiş torpaq sürüşməsindən sonra üzə çıxdığını söyləyirdi. O, burada neolit, qədim yunan və Roma dövrlərinə aid izlərin olduğunu iddia edirdi. “Euronews” yazır ki, kompleks hətta “dünyanın ən qədim və ən böyük amfiteatrlarından biri” kimi təqdim edilirdi.

Malossonun yaratdığı tarix daha da fantastik detallarla zənginləşdirilmişdi. O, Yuli Sezarın Misirdən qayıdarkən Kleopatra ilə birlikdə bu əraziyə gəldiyini, məkanın qədim tayfalar və sonrakı dövrlərlə əlaqəsinin olduğunu iddia edirdi. Ayrı-ayrı təqdimatlarda tampliyerlər və hətta Şekspirin “Romeo və Cülyetta” əsərinin qəhrəmanı Cülyetta ilə bağlı hekayələr də kompleksə bağlanmışdı.

Saxtakarlıq dərhal üzə çıxmayıb. 2016-cı ildə yerli hakimiyyət və mədəni irsin qorunmasına cavabdeh qurumlarda kompleksin həqiqətən arxeoloji əhəmiyyət daşıyıb-daşımadığı barədə ciddi şübhələr yaranıb. İtaliya Karabinyerlərinin Mədəni İrsin Qorunması Bölməsi və arxeologiya mütəxəssislərinin araşdırmasından sonra tikililərin qədim olmadığı müəyyən edilib və ərazi müsadirə olunub. “Corriere del Veneto” həmin dövrdə mütəxəssislərin kompleksi “yaxın dövrdə yaradılmış konstruksiya” kimi qiymətləndirdiyini yazmışdı.

Buna qədər isə məkan turist cəlb etməyə müvəffəq olmuşdu. Burada ekskursiyalar, tarixi təqdimatlar və müxtəlif tədbirlər keçirilirdi. Bəzi hallarda ziyarətçilərdən 40 avroyadək giriş haqqı alınırdı. Kompleks bir müddət hətta yerli turizm materiallarında da yer almışdı.

Malosso 2019-cu ildə qanunsuz tikinti, incəsənət əsərlərinin saxtalaşdırılması və lazımi icazələr olmadan tikililər inşa etməkdə təqsirli bilinərək 2 il 4 ay həbs və 3 min avro cərimə cəzasına məhkum edilib. “Corriere del Veneto”-nun məlumatına görə, məhkəmə həmçinin ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını qərara alıb.

2021-ci ildə İtaliya Ali Kassasiya Məhkəməsi Malossonun şikayətini qəbul etməyərək hökmü qüvvədə saxlayıb. 2026-cı ildə isə onun həbs cəzasını alternativ tədbirlə əvəz etmək tələbi rədd edilib və Malosso Ventimiglia həbsxanasına yerləşdirilib. “EFE” bu iş üzrə hüquqi prosesin təxminən on il davam etdiyini bildirir.

Arkunyano bələdiyyəsi isə kompleksin yaratdığı zərərə görə təxminən 560 min avro kompensasiya tələb edib. Tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması məsələsi də gündəmdə qalır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.