Siyasi araşdırmaçı Asif Nərimanlı İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını Ankara-Təl-Əviv xəttində son illər dərinləşən qarşıdurmanın məntiqi nəticəsi kimi qiymətləndirib.
Onun sözlərinə görə, Qəzza müharibəsi ilə başlayan gərginlik Suriyada açıq rəqabət müstəvisinə keçib, İranla bağlı proseslər fonunda isə daha da kəskinləşib. Bu baxımdan Təl-Əviv erməni məsələsini Türkiyəyə qarşı siyasi təzyiq kartı kimi istifadə etməyə çalışır.
Nərimanlı hesab edir ki, İsrail eyni zamanda erməni amilini Yaxın Şərq siyasətində təsir imkanlarını genişləndirə biləcək vasitə kimi görür. Xarici işlər naziri Gideon Saarın qərarı əsaslandırarkən Livan və İrandakı erməni icmasına, eləcə də Qüdsün erməni məhəlləsinə istinad etməsi də bu kontekstdə diqqət çəkir.
Siyasi araşdırmaçı bildirib ki, qərarın İsrail üçün gözlənilən nəticələri daha çox mənfi xarakter daşıyır. Çünki Yaxın Şərqdəki erməni icması İsrailin regional planlarında həlledici təsir gücünə malik deyil. Digər tərəfdən, Ermənistan hökumətinin Türkiyə ilə normallaşma xətti bu addımın rəsmi müstəvidə effektini minimuma endirir.
Onun fikrincə, bu qərar beynəlxalq müstəvidə də ciddi nəticə doğurmayacaq. Erməni məsələsində Türkiyə üçün ən mənfi, Ermənistan üçün isə ən müsbət mərhələ ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırması olub. Bundan sonra verilən qərarlar daha çox siyasi simvolizm xarakteri daşıyır.
Nərimanlı qeyd edib ki, İsrailin bu addımı Holokost mövzusunda öz tarixi mövqeyinə də ziddiyyətli fon yarada bilər və bu baxımdan “öz ayağına sıxmaq” kimi qiymətləndirilə bilər.
“Bu qərar Türkiyə üçün nə hüquqi, nə də siyasi müstəvidə ciddi təhlükə yaradır. Əksinə, mənfi nəticələr fonunda İsrailin özünə ziyanlı görünür. Hər iki ölkə ilə yaxın münasibətlərə malik olan, qardaş Türkiyə ilə dost İsrail arasında körpülərin tamamilə yanmamasına çalışan Azərbaycan üçün isə bu proses arzuolunan deyil”, – deyə siyasi araşdırmaçı vurğulayıb.
O əlavə edib ki, qərarın tam qüvvəyə minməsi üçün Knessetdə keçiriləcək səsvermənin müsbət nəticələnəcəyi ehtimalı yüksək görünmür.