İngiltərə millisi DÇ-2026-nın “L” qrupunun son turunda Panamanı 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə qrup lideri kimi yüksəlib.
MSNews.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Nyu-Cersi ştatındakı “New York New Jersey Stadium”da keçirilib. İngiltərə ilk hissədə istədiyi oyunu göstərə bilməsə də, fasilədən sonra üstünlüyünü nəticəyə çevirib.
Oyunda hesab 62-ci dəqiqədə Cud Bellinqemin qolu ilə açılıb. Bir neçə dəqiqə sonra Bellinqemin ötürməsindən sonra Harri Keyn fərqlənərək İngiltərənin üstünlüyünü iki topa çatdırıb.
Bellinqem görüşün əsas fiqurlarından biri olub. O, həm qol vurub, həm də Harri Keynin rekord qoluna assist edib. İngiltərə bu nəticə ilə “L” qrupunda birinci yeri təmin edib.
Harri Keyn üçün bu qarşılaşma tarixi göstərici ilə yadda qalıb. Keyn Dünya Kuboklarında 11-ci qolunu vuraraq İngiltərə millisinin mundiallar tarixində ən məhsuldar futbolçusuna çevrilib və Qari Linekerin rekordunu geridə qoyub.
İngiltərə baş məşqçisi Tomas Tuxel oyundan sonra komandasının pley-off mərhələsində daha yaxşı çıxış edəcəyinə inandığını bildirib. Mütəxəssis komandanın qrup mərhələsində çətinliklər yaşadığını, lakin vacib anda nəticə qazana bildiyini vurğulayıb.
Bu qələbədən sonra İngiltərə 1/32 final mərhələsində Konqo DR ilə qarşılaşacaq. Panama isə qrup mərhələsini məğlubiyyətlə başa vuraraq turnirlə vidalaşıb.