İngiltərə millisinin sadiq azarkeşlərindən biri olan Endi Miln 2026-cı il dünya çempionatında komandasını tribunadan dəstəkləmək üçün evini satışa çıxarıb.
62 yaşlı sabiq müəllim ABŞ, Kanada və Meksikada keçiriləcək mundial səfərini maliyyələşdirmək üçün İngiltərənin şimalındakı ikinci evini təxminən 350 min funt-sterlinqə, yəni təxminən 403 min avroya satmağa hazırlaşır.
Mənbələrin məlumatına görə, Miln turnirin demək olar bütün müddəti ərzində Şimali Amerikada qalmağı planlaşdırır. O, iyunun 3-də yola düşəcəyini və təxminən yeddi həftə səfərdə olacağını bildirib. Azarkeş deyib ki, məqsədi İngiltərə millisinin bütün mümkün oyunlarını izləməkdir.
Endi Miln İngiltərə futbol azarkeşləri arasında tanınmış simalardan biridir. O, İngiltərə millisinin kişilərdən ibarət komandası ilə doqquz dünya çempionatını, həmçinin 2023-cü il qadınlar dünya çempionatını canlı izləyib. Builki turnir onun üçün sayca 10-cu mundial ola bilər.
Miln hazırda Taylandda yaşayır və satışa çıxardığı evi uzun müddətdir icarəyə verirdi. Onun sözlərinə görə, 27 ildir sahib olduqları ikinci evi indi satmaq üçün uyğun vaxt sayıb. Eyni zamanda o, səfər xərclərini azaltmaq üçün Meksika, Dallas və Vankuverdə dostlarının yanında qalmağa çalışacağını bildirib.
Bu hekayə 2026-cı il dünya çempionatının azarkeşlər üçün nə qədər baha başa gəldiyi ilə bağlı narazılıqlar fonunda gündəmə gəlib. “Associated Press“ yazır ki, azarkeş qrupları FIFA-nın bilet qiymətlərini kəskin tənqid edib və bəzi biletlərin minlərlə dollara çatdığını bildirib.