İlham Əliyev və Tokayev yeni rəqəmsal dəhlizi açdılar

Azərbaycan və Qazaxıstan prezidentləri Xəzər dənizinin dibi ilə çəkilən 380 kilometrlik Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər. Saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malik layihə Asiya ilə Avropa arasında rəqəmsal əlaqələri gücləndirəcək.

42

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 15-də Bakıda Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışını ediblər. Xəzər dənizinin dibi ilə Sumqayıt və Aktau şəhərlərini birləşdirən təxminən 380 kilometrlik yeni xətt Asiya ilə Avropa arasında məlumat mübadiləsi üçün strateji əhəmiyyətli rəqəmsal marşrut yaradacaq.

MSNews.az xəbər verir ki, açılış mərasimi Azərbaycan və Qazaxıstan prezidentlərinin Bakıda keçirilən görüşü çərçivəsində onlayn formatda baş tutub.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Dövlət başçıları qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə töhfə verdiyini vurğulayıblar.

Tərəflər həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün əhəmiyyətini qeyd edərək ikitərəfli gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəzərin dibi ilə 380 kilometrlik rəqəmsal xətt

“Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində həyata keçirilən layihə saniyədə 400 terabitdən çox məlumat ötürmək imkanına malikdir.

Yeni fiber-optik xətt Azərbaycan və Qazaxıstanın rəqəmsal infrastrukturunu birləşdirərək Çin və Mərkəzi Asiyadan gələn məlumatların Azərbaycan və Gürcüstan üzərindən, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan yaradacaq.

Layihənin əsas məqsədlərindən biri beynəlxalq məlumat mübadiləsinin sürətini, etibarlılığını və dayanıqlılığını artırmaqdır.

Bununla da Orta Dəhliz ənənəvi yükdaşıma və logistika marşrutu olmaqla yanaşı, Asiya ilə Avropanı birləşdirən rəqəmsal kommunikasiya dəhlizinə çevrilir.

Yeni infrastrukturun süni intellekt texnologiyalarının inkişafı, məlumatların emalı mərkəzlərinin yaradılması, bulud xidmətləri və yüksək hesablama gücü tələb edən sahələrə investisiyaların cəlb olunması üçün əlavə imkanlar yaradacağı bildirilir.

Tokayev: “Bu, rəqəmsal formatda Orta Dəhlizdir”

Açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

“Bu, sözsüz ki, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir. Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür”, – deyə Tokayev bildirib.

Qazaxıstan Prezidenti layihənin müasir rəqəmsallaşma dövrünün tələblərinə cavab verdiyini və ölkələr arasında tamamilə yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.

O, yeni infrastrukturun mahiyyətini belə ifadə edib:

“Bəli, bu, rəqəmsal formatda Orta Dəhlizdir”.

İlham Əliyev: “Bu gün biz qlobal layihəyə start verdik”

Prezident İlham Əliyev isə layihənin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, kabel xəttindən yalnız Azərbaycan və Qazaxıstan deyil, Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyada yerləşən ölkələr də istifadə edə biləcək.

“Bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçılarının müvafiq düyməni basması ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı baş tutub.

Orta Dəhliz üzrə yeni saziş və iki gəmi ilə bağlı razılaşma

Prezidentlərin iştirakı ilə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və logistika əməkdaşlığını gücləndirən sənədlər də mübadilə olunub.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişi mübadilə ediblər.

Bundan əlavə, Rəşad Nəbiyev və Qazaxıstanın “Samruk-Kazına” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinqi ilə “Samruk-Kazına” arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqinə dair sertifikatı mübadilə ediblər.

Bu sənədlər iki ölkə arasında Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin genişləndirilməsinə və Orta Dəhlizin imkanlarının artırılmasına yönəlib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.