İlham Əliyev Naxçıvanda: Yeni layihələrin təməli qoyuldu

Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı sənaye, enerji, nəqliyyat, sosial və hərbi infrastruktur layihələri ilə tanış olub, bir sıra obyektlərin təməlini qoyub və açılışlarda iştirak edib.

54

Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Dövlət başçısını səfərdə birinci xanım Mehriban Əliyeva müşayiət edib. Səfər çərçivəsində iqtisadiyyat, energetika, nəqliyyat, sosial müdafiə, müdafiə və şəhərsalma sahələrini əhatə edən bir sıra layihələr təqdim olunub.

Prezident əvvəlcə Naxçıvanda ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub. Hər iki stansiyanın gücü 25 MVt təşkil edəcək. Onların istifadəyə verilməsi ilə Naxçıvanda bərpaolunan enerji üzrə qoyuluş gücünün 158 MVt-a çatacağı gözlənilir.

Dövlət başçısı həmçinin 310 hektar ərazini əhatə edəcək Naxçıvan Sənaye Parkının təməlini qoyub. Parkda elektrik, qaz, su, rabitə, nəqliyyat və istehsal infrastrukturu yaradılacaq. Potensial investorların və sahibkarların layihəyə cəlb edilməsi üzrə danışıqların aparıldığı bildirilib.

Səfər zamanı Naxçıvanın nəqliyyat infrastrukturu da diqqət mərkəzində olub. Prezident İlham Əliyevə Zəngəzur dəhlizi üzrə dəmir yolu layihələri təqdim edilib. Layihələr yekunlaşdıqdan sonra dəmir yolunun illik buraxılış qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur. Naxçıvan şəhərinin ictimai nəqliyyatı üçün ölkədə yığılan 60 elektrik mühərrikli “BYD” avtobusu da alınıb.

Prezident və birinci xanım Naxçıvan Regional DOST Mərkəzinin açılışında da iştirak ediblər. Mərkəzdə əhaliyə 164 növ sosial xidmət göstəriləcək, gündəlik 500-600 vətəndaşın qəbul edilməsi planlaşdırılır.

İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış əməliyyat-komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib. Daha sonra “Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyulub. Yeddimərtəbəli mehmanxanada 131 otaq yaradılması və eyni vaxtda 307 qonağın yerləşdirilməsi nəzərdə tutulur.

Səfərin digər mühüm istiqamətlərindən biri Naxçıvan şəhərinin gələcək inkişaf planı olub. Prezidentə “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan” təqdim edilib. Plana əsasən, şəhərin əhalisinin 97,2 mindən 130 min nəfərə çatacağı, məskunlaşma ərazisinin isə təxminən 44 faiz genişlənəcəyi proqnozlaşdırılır. Yaşıllıq sahəsinin adambaşına 15 kvadratmetrdən 27 kvadratmetrə yüksəldilməsi də nəzərdə tutulur.

Dövlət başçısı Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin də təməlini qoyub. Təxminən 5 hektarlıq ərazidə 16 yaşayış binası, uşaq bağçası və digər zəruri infrastruktur obyektləri inşa ediləcək.

İlham Əliyev və Mehriban Əliyeva həmçinin Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olub, “Əcəmi seyrangahı”nda memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Səfərin sonunda Prezident Azərbaycan Televiziyasına müsahibə verib.