İlham Əliyev Moldovanın Baş nazirinin müavini Mixay Popşoini qəbul edib

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoini qəbul edib. Görüşdə Azərbaycan–Moldova münasibətləri və regional məsələlər müzakirə olunub.

42

İlham Aliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popșoini qəbul edib.

Qəbula görə təşəkkürünü bildirən Mihay Popşoi Maya Sandunun salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını ifadə edərək onun da salamlarını Moldova Prezidentinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Maya Sandu ilə keçirdiyi görüşləri və aparılan müzakirələri məmnunluqla xatırlayıb.

Görüş zamanı Mixay Popşoi İran tərəfindən pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirilmiş hücumları Moldovanın qətiyyətlə pislədiyini bildirib və ölkəsinin Azərbaycanla həmrəy olduğunu vurğulayıb. O, hadisə zamanı xəsarət alan şəxslərin tezliklə sağalmasını arzulayıb.

Qonaq xalqlar arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edərək Moldovanın çətin dövrlərində Azərbaycanın göstərdiyi dəstəyi daim xatırladıqlarını və bunu yüksək qiymətləndirdiklərini bildirib.

Prezident İlham Əliyev nümayiş etdirilən mövqeyə görə təşəkkür edib.

Söhbət zamanı Azərbaycan və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin, o cümlədən siyasi, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlığın inkişaf etdiyini qeyd ediblər. Həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirilib və Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik ifadə olunub.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.