Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.
Müəssisənin təsisçisi Kamran Rzayev dövlət başçısına layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu alan “Nun” MMC tərəfindən 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulur. Almaniya texnologiyası əsasında qurulacaq müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə və 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox təşkil edəcək.
Məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Layihə çərçivəsində 140 daimi iş yerinin yaradılması planlaşdırılır. İnvestisiya həcmi 11,2 milyon manat təşkil edir. Müəssisənin qurulması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat məbləğində güzəştli kredit ayrılması nəzərdə tutulub. Avadanlıqların idxalı zamanı ƏDV və gömrük rüsumlarından azadolma da planlaşdırılır.



