Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.
MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına layihə barədə məlumat verib.
Layihə çərçivəsində Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr olan, uzunluğu təxminən 172 kilometr təşkil edən magistral boru kəməri inşa ediləcək.
Yeni infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.
Su anbarından qidalanacaq magistral boru kəməri üzərində ümumi gücü 10,81 meqavat olan üç su elektrik stansiyasının tikilməsi də nəzərdə tutulur.
“Həkəriçay” su anbarının işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının səmərəli idarə edilməsinə, əhalinin dayanıqlı içməli su ilə təminatına və regionların sosial-iqtisadi inkişafına töhfə verəcəyi bildirilir. Layihə perspektivdə ölkənin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.





