Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.
Görüş zamanı şirkətin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ARDNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb, sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, ARDNF-nin “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə investisiya imkanlarının araşdırılması nəzərdə tutulur.
Həmin gün Prezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə də görüşüb.
Görüş zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün cəlbedici olduğu vurğulanıb. “Dell Technologies”in ölkəmizdə fəaliyyəti və bu şirkətin iştirakı ilə super kompüter mərkəzinin yaradılması, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin IT infrastrukturun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və bulud infrastrukturu layihələri, eləcə də qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.




