Hörmüz boğazında Cənubi Koreyanın “HMM” gəmiçilik şirkəti tərəfindən idarə olunan “HMM Namu” adlı yük gəmisində partlayış və yanğın baş verib. Cənubi Koreya Xarici İşlər Nazirliyi hadisəni təsdiqləyib, lakin gəminin hücuma məruz qalıb-qalmadığının hələ araşdırıldığını bildirib.
“Reuters”-in məlumatına görə, hadisə bazar ertəsi regionda ABŞ-ın “Project Freedom” əməliyyatı fonunda artan gərginlik zamanı qeydə alınıb.
Cənubi Koreya tərəfinin məlumatına əsasən, gəmidə ölən və yaralanan olmayıb. “HMM” şirkəti yanğının Panama bayrağı altında üzən yük gəmisinin mühərrik bölməsində başladığını açıqlayıb. Gəmidə 24 ekipaj üzvü olub, onlardan 6-sı Cənubi Koreya vətəndaşıdır. Seul hökuməti Hörmüz boğazındakı Cənubi Koreya gəmilərinin və ekipajlarının təhlükəsizliyi üçün aidiyyəti ölkələrlə əlaqə saxlayacağını bildirib.
Hadisənin səbəbi hələ rəsmi şəkildə müəyyən edilməyib. “Yonhap” agentliyi hökumət rəsmilərinə istinadən gəminin hücuma məruz qala biləcəyi barədə kəşfiyyat məlumatlarının yoxlanıldığını yazıb. “Xinhua” da Cənubi Koreyanın Dənizçilik Nazirliyinə istinadən partlayışın gəminin mühərrik otağında baş verdiyini, Seulun isə mümkün hücum versiyasını araşdırdığını bildirib.
“Reuters”-in regiondakı ümumi vəziyyətlə bağlı məlumatında İranın Hörmüz boğazında bir neçə gəmiyə zərbə endirdiyi, BƏƏ-də neft obyektində yanğına səbəb olan hücumların baş verdiyi bildirilir. Eyni materialda Cənubi Koreya gəmisində partlayış və yanğın baş verdiyi qeyd olunur. ABŞ Prezidenti Donald Tramp isə sosial media paylaşımında Cənubi Koreyanı gəmilərin qorunması üzrə ABŞ missiyasına qoşulmağa çağırıb.
İran tərəfi isə ABŞ-ın Hörmüz boğazında gəmilərin keçidi ilə bağlı açıqlamalarını təkzib edib. SEPAH bildirib ki, son saatlarda boğazdan heç bir ticarət gəmisi və ya tanker keçməyib və ABŞ-ın bu barədə iddiaları əsassızdır. “Reuters” yazır ki, ABŞ hərbi komandanlığı iki ABŞ bayraqlı ticarət gəmisinin boğazdan keçdiyini desə də, Tehran bunu rədd edib.
Hazırda sosial şəbəkələrdə yanan gəmini əks etdirdiyi iddia olunan görüntülər yayılır. Lakin həmin kadrların məhz, “HMM Namu” gəmisinə aid olub-olmadığı açıq mənbələr tərəfindən müstəqil şəkildə təsdiqlənməyib. Buna görə hadisə ilə bağlı əsas təsdiqlənmiş fakt Cənubi Koreya gəmiçiliyinə bağlı gəmidə partlayış və yanğının baş verməsi, hücum versiyasının isə araşdırılmasıdır.